“Putin hətta Lukaşenkodan gözlədiyi dəstəyi ala bilmirsə…” – İlhaq Rusiyanın intiharı idi

“Putin hətta Lukaşenkodan gözlədiyi dəstəyi ala bilmirsə…” – İlhaq Rusiyanın intiharı idi

Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyasına yeni ərazilərin əlavə edilməsi ilə bağlı qanunları imzalayıb. Söhbət Ukraynadan qoparılan 4 regiondan gedir.



Putin qondarma "Luqansk xalq respublikası”nın, qondarma "Donetsk xalq respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin Rusiya tərkibinə qəbulu haqqında müqaviləni ratifikasiya edən federal qanunu imzalayıb.

 

Maraqlıdır, sözügedən qanunun imzalanması hansı nəticələrə səbəb olacaq?

 

Sualımızı cavablandıran politoloq,“Müstəqil Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri Elçin Xalidbəyli Sfera.az-a açıqlamasında bildirib ki, Kremlin Ukrayna ərazisi olan dörd regionda qondarma "referendum" keçirməsi, həmin bölgələrin Rusiyanın tərkibinə birləşdirilməsi və prezident Vladimir Putinin də bu barədə sənədi imzalaması beynəlxalq hüquq normalarına ziddir.

 

Politoloqun sözlərinə görə, Rusiya atdığı bu addımlarla beynəlxalq hüquq normalarını kobud şəkildə pozub. Kreml bu yolla Ukrayna ərazilərinin ilhaqına heç bir halda, hüquqi don geyindirə bilməz:

 

“Bütün bu baş verənlərə beynəlxalq səviyyədə verilən reaksiyalar da belə düşünməyə əsas verir. İndiyə qədər heç bir dünya dövləti Rusiyanın Ukrayna ərazilərini ilhaq etmək istiqamətində atdığı bu addımları tanımayıb, dəstəkləməyib. Rusiya ilə normal münasibətləri olan yeganə NATO ölkəsi Türkiyə də Kremlin ilhaq addımlarına kəskin reaksiya verib. Rusiyanın patronajlığı altında olan KTMT-nın üzvləri də Ukraynanın sərhədlərinin dəyişdirilməsi ilə bağlı cəhdləri qəbul etməyiblər. Qazaxıstan hətta rəsmi bəyanat verərək, Ukraynanın sərhədlərinin toxunulmazlığını və ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. Kreml sahibi Vladimir Putin prezident Aleksandr Lukaşenko ilə bir neçə saatlıq qapalı görüş keçirməsinə baxmayaraq, Rusiyanın yeganə müttəfiqi olan Belarusdan da umduğu dəstəyi ala bilməyib”.

 

E.Xalidbəylinin fikrincə, Rusiya Ukrayna savaşına başlayarkən, nə qədər böyük səhv buraxmışdısa, işğal edilən əraziləri ilhaq etməklə də bir o qədər ciddi yanlışa yol verdi:

 

“Çünki, Rusiya indi yalnız "savaş bataqlığı"na deyil, həm də çıxılması qəliz olan "hüquqi labirintə" düşüb. Kremldə ümid edirdilər ki, bu addımlarla həm Ukraynanı Rusiyanın şərtləri çərçivəsində sülh sazişini imzalamağa məcbur edə biləcək, həm də Rusiya cəmiyyətinə Ukrayna savaşından qələbə ilə çıxa bildiklərinin görüntüsünü yaradacaqlar. Ancaq Kremlin bu planları ilə başlanğıcdaca iflasa uğradı.

 

Rəsmi Kiyev Rusiya ilə sülh danışıqları aparmayacağını bəyan etdi. Üstəlik, prezident Vladimir Putinin hakimiyyətdə olduğu dövrdə Rusiya ilə təmasların olmayacağını qanuniləşdirdi. Digər tərəfdən, Ukrayna ordusu Rusiyanın ilhaq etməyə çalışdığı əraziləri artıq rus ordusundan təmizləməyə başlayıb. Yəni, nə savaş meydanında, nə də siyasi-diplomatik məkanda Rusiyanın işləri yaxşı getmir.

 

Ən əsası isə odur ki, Rusiya ordusunun məğlubiyyətə məhkum olduğunu artıq rus generalları da bilir. Rusiyanın hərbi potensialı artıq tükənmək üzrədir. Eyni zamanda, yaxın aylarda Rusiyanın bütün sahələr üzrə kollaps vəziyyəti ilə üzləşə biləcəyi də qətiyyən istisna deyil. Bu baxımdan, Ukrayna ərazilərinin beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla ilhaq edilməsi Rusiyaya yaxşı heç nə vəd etmir”.

Yeganə


OXŞAR XƏBƏRLƏR