Fransa rəsmilərinin Bakı səfərləri hansı məqsədi daşıyır? - Açıqlama

Fransa rəsmilərinin Bakı səfərləri hansı məqsədi daşıyır? - Açıqlama

Fransa Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy Cənubi Qafqaz regionuna səfər edəcək. Rokföyla yanaşı, Fransa Prezidenti Emmanuel Makronun diplomatik müşaviri İzabel Düpontun da milli nümayəndə heyəti statusunda bölgəyə səfəri gözlənilir.

 

Paşinyanla Makronun son görüşündən sonra gözlənilən səfərlər hansı məqsəd daşıya bilər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, son zamanlar Fransa-Ermənistan siyasi əlaqələrinin inkişafı müşahidə olunur və bu, Azərbaycan-Ermənistan arasındakı hərbi böhran fonunda baş verir:

 

“Fransa məhz erməni lobbisinin diqtəsi ilə Cənubi Qafqazdakı proseslərdə qızışdırıcı mövqe nümayiş etdirir. Ermənistanı dəstəkləməklə təhlükəsizliyi təhdid edəcək hadisələrə imza atır. Paşinyanın bundan öncəki Fransaya səfəri də oradan siyasi-hərbi texniki dəstək almağa hesablanmışdı. Bu, heç də Azərbaycanla sülhün əldə olunması istiqamətində Fransanın dəstəyini qazanmaq deyil, birbaşa bizimlə müharibə etmək fonunda atılmış addımdır”.

 

Müsahibimiz bildirib ki, Fransa rəsmilərinin bölgəyə səfəri olsa da, bu ölkənin Azərbaycana təzyiq siyasəti reallaşmayacaq:

 

“Onların Ermənistan tərəfinə verdiyi dəstək sülh və təhlükəsizliyi təmin etməyəcək. Əksinə bu, Ermənistanın iqtisadi blokadada saxlanmasına, daxili siyasi proseslərdə böhran vəziyyətinə gətirib çıxarılmasına şərait yaradacaq. Paris-İrəvan əlaqələri heç də Azərbaycan-Ermənistan arasındakı münasibətlərin formalaşmasına müsbət xidmət etməyəcək. Bu səfərlər növbəti mərhələdə Ermənistanın təxribatalara əl atmasına gətirib çıxaracaq prosesin tərkib hissəsidir”,

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR