“Boru kəmərlərinin partladılması...” – Dünyada “infrastruktur müharibəsi” başlayır?

“Dünyada iqtisadi böhran daha da dərinləşəcək”.
Sfera.az-ın məlumatına görə, bunu iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, iki gün öncə Baltik Dənizində “Şimal Axını-1” və “Şimal Axını-2” boru kəmərlərinin partladılması dünyada yeni və çox təhlükəli şərait yaradıb:
“Partlayışın kimlər, hansı ölkə tərəfindən törədilməsindən asılı olmayaraq, bu çox təhlükəli presedentdir. Əgər dünyada indi həm də “infrastruktur müharibələri” başlasa, onsuz da xaotik durumda olan vəziyyət daha da mürəkkəbləşəcək, COVİD-19-la mübarizənin axmaqcasına aparılmasından başlayan iqtisadi böhran daha da dərinləşəcək. Görünən odur ki, hər bir ölkə öz başının çarəsinə baxmalıdır.
Azərbaycan öz həyati əhəmiyyətli infrastruktur və kommunikasiya xəttlərinin daha da ciddi qorunması məsələsini həll etməlidir. Bunun üçün Türkiyə, Britaniya və İsrail ilə hava məkanımızın tamamən xarici müdaxilələrə bağlanması, yerüstü təhlükəsizlik tədbirlərinin artırılması (məsələn, boru xəttləri boyu Türkiyə ilə birgə təhlükəsizlik nəzarətinin gücləndirilməsi, boru xəttləri boyu birgə nəzarət məntəqələrinin yaradılması) ilə bağlı qərarlar alınmalıdır”.
İqtisadçı vurğulayıb ki, Rusiya Ermənistanda həlledici söz sahibi olduğu müddətcə, Ermənistan-Azərbaycan sərhədinə yaxın bölgələrdən keçən boru və kommunikasiya xəttlərimiz həmişə təhlükədə olacaq: “2020-ci ilin yayında Tovuz təxribatı bunun əyani sübutudur”.
Günay Rəsulqızı