Paşinyanın paylaşımında gizlənən məqsədlər – Nə etmək istəyir?

Paşinyanın paylaşımında gizlənən məqsədlər – Nə etmək istəyir?

Ötən gün sərhəddəki erməni təxribatından dərhal sonra Nikol Paşinyan sosial şəbəkə hesabı üzərindən Azərbaycanı ittiham edib.

 

O, ardıcıl olaraq “Azərbaycan ordusunun yeni hücumu nəticəsində bu gün Ermənistan ərazisində 3 erməni əsgəri həlak olub. Bu, Ermənistanın müstəqilliyinə, suverenliyinə və demokratiyasına qarşı hücumdur. Azərbaycanın işğalı pislənilməli və dayandırılmalıdır. Azərbaycan qoşunlarının çıxarılması və Azərbaycanın işğalından zərər çəkmiş Ermənistan ərazilərində və həmsərhəd rayonlarda beynəlxalq müşahidəçi missiyasının yerləşdirilməsi mütləq zərurətdir”, deyə “Twitter”də qeyd edib.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki,  Paşinyanın atdığı tvit onun məqsədini bir daha ortaya çıxarıb:

 

“Bu paylaşım Bakıya qarşı beynəlxalq təzyiqə və ordumuzun mövqelərindən geri çəkilməsinə nail olmaq məqsədi daşıyır. Nikolun tviti iki istiqamətdədir: Birincisi, beynəlxalq birliyi Azərbaycana qarşı çıxmağa çağırır, lakin bu çağırışda yeni və mühüm detal da gizlənib. Belə ki, baş nazir baş verənlərin Ermənistanın müstəqilliyinə, suverenliyinə və demokratiyasına hücum olduğunu iddia edir və “demokratiya” ifadəsini xüsusi vurğulamaqla Qərbə “Bakı bölgədə demokratiyaya qarşıdır” mesajını ötürür. Həmçinin, öz cəbhəsini nümayiş etdirir.

 

İkincisi, sərhəddə “beynəlxalq müşahidəçilərin yerləşdirilməsi zəruriliyini” qeyd edir. Hələ ötən il bu məsələni gündəmə gətirən Paşinyanın məqsədlərindən biri “alternativ imkanların” olduğunu göstərərək, Rusiyanın dəstəyini əldə etmək idisə, indi artıq “beynəlxalq müşahidəçilər” adı altında Qərb qüvvələrinin, xüsusilə ABŞ və Fransanın “müşahidə missyaları”nın bölgəyə qapısını aralamağa çalışır. Ermənistan eskalasiyanın hər an yenidən alovlana biləcəyi vəziyyət yaradır”.

 

Deputat Sahib Alıyev isə deyib ki, Ermənistan baş nazirinin hay demokratiyasından dəm vurması və məhz bu səbəbdən 3 əsgərlərinin öldürüldüyünü bildirməsi cəfəngiyyatdır: “Azərbaycan ordusunun əsgərini yaralayanda qarşı tərəf bunun bədəlinin ağır olacağını keçmiş təcrübələrindən bilməli idi. Amma görünür, Fransadan əsən külək bunu yaddaşlarından silib aparmışdı və xatırlatmaq lazım gəldi”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR