“Rusiyanı tərk edən azərbaycanlılar bunu qorxduqları üçün etmir” – Qabil Hüseynli

“Rusiyanı tərk edən azərbaycanlılar bunu qorxduqları üçün etmir” – Qabil Hüseynli

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ölkədə qismən səfərbərliyi nəzərdə tutan fərmanı imzaladıqdan sonra Rusiya vətəndaşları kütləvi şəkildə ölkəni tərk edərək vizasız rejim olan bir sıra ölkələrə - Ermənistan, Qazaxıstan, Gürcüstana gedirlər. Rusiya vətəndaşlarının ölkəni kütləvi şəkildə tərk etməsi sosial şəbəkələrin Azərbaycan seqmentində birmənalı qarşılanmayıb.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Qabil Hüseynli deyib ki, işğalçı müharibənin bir parçası olmamaq üçün Rusiyanı tərk edən ruslar və azərbaycanlılar qınanmamlı, əksinə təqdir edilməlidir.

 

“Rusiyanın Ukraynada apardığı savaş işğalçı müharibədir. Bu müharibədən rus xalqı da əziyyət çəkir. Rusiya Prezidenti Vladimir Putinin məlum səfərbərlik qərarından sonra minlərlə Rusiya vətəndaşı orduya çağırılıb. Yəni minlərlə insan işğalçı müharibənin bir parçası olmaq təhlükəsi ilə üz-üzədir. Təsadüfi deyil ki, artıq Rusiya vətəndaşlarının bir çoxu ölkəni tərk edərək viza tələb etməyən ölkələrə üz tutur. Təəssüf ki, sosial şəbəkələrdə istər rusları, istərsə də qeyri-rusları buna görə qınayırlar”.

 

Politoloq hesab edir ki, müharibədən yayınanların qınanması doğru deyil:

 

“Burada qınanası vəziyyət yoxdur. Əksinə, sevindirici haldır ki, sıravi ruslar müharibənin parçası olmaq istəmir. O ki qaldı azərbaycanlılara, Rusiyanı tərk edən azərbaycanlılar bunu qorxduqları üçün etmir. Ukraynada da azərbaycanlılar yaşayır, ancaq biz onların əzmkarlıqla döyüşdüyünü, Ukraynanı müdafiə etdiyini görürük. Hesab edirəm ki, buradakı əsas məsələ tərəflərdən birinin işğalçı, digərinin işğala məruz qalan olmasıdır. Əminəm ki, Rusiya işğala məruz qalsaydı, bu ölkədə yaşayan azərbaycanlılar Rusiyanı müdafiə edərdi”.

 

Turan Rzayev


OXŞAR XƏBƏRLƏR