“Putin Rusiyası uçuruma yuvarlanır və getdikcə…” – Açıqlama
Rusiya prezidenti Vladimir Putinin “qismən səfərbərlik” qərarından sonra Rusiya xaosa qərq olub, qərar etiraz və silahlı basqınlarla nəticələnib. İddia edilir ki, Putin bu qərarla əslində öz hakimiyyətini təhlükə qarşısında qoyub və iddialara görə, Rusiya lideri həm də bu fərmanı imzalamağa vadar edilib.
Maraqlıdır, səslənən iddialar nə dərəcədə realdır? Bu addımı onun hakimiyyətinin sonunu gətirə bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, Putinin “qismən səfərbərlik” elan etməsi zərurətdən yarandı və bu sərəncam Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarda onun çox ciddi problemlərlə üzləşməsindən xəbər verir:
“Kreml mövcud şərait daxilində döyüşü davam etdirmək və az qala bütün dünyanın arxasında dayandığı Ukrayna silahlı qüvvələrinə qalib gəlmək iqtidarında olmadığını başa düşdü. Deməli, istənilən halda Putin səfərbərlik haqqında sərəncamı məcburiyyət qarşısında imzalayıb və bu sərəncamla ölkə daxilində ciddi çaxnaşmaya səbəb olacağının fərqində idi. Sərəncam Putin hakimiyyətini təhlükəyə atıb, amma bu qərar verilməsəydi və döyüş cəbhəsində vuruşan silahlı qüvvələrin sayı artırılmasaydı, Putin və onun hakimiyyətinə daha ciddi təhlükə yaranardı. Vladimirin bu qərarı qəbul etməsinin heç də asan olmadığı göz qabağındadır. Lakin o, Ukrayna ilə müharibəyə qərar verdiyi andan özünü və Rusiyanı təhlükə içinə atıb”.
Müsahibimiz qeyd edib ki, indi bu vəziyyətdən çıxış yolu bəlkə də yoxdur:
“Putin sona qədər müharibəni aparmaq məcburiyyətindədir. “Qismən səfərbərlik” haqqında sərəncamdan sonra ona uyğun daha ciddi tədbirlərin gələcəyi şübhəsizdir. Çünki bu qərar da qarşıda qoyulan vəzifəni yerinə yetirə bilməyəcək. Növbədə Ukraynaya qarşı böyükhəcmli müharibənin elanı və tam səfərbərlik istiqamətində görüləcək tədbirlər var. Bu tədbirlərin hamısı Putin hakimiyyətinə vurulan zərbə olacaq. Bu hakimiyyətin sonunun nə zaman və nəyin vasitəsi ilə gələcəyini proqnozlaşdırmaq çox çətindir. Görünən budur ki, Rusiya getdikcə uçuruma yuvarlanır və özü ilə dünyanın çox böyük bir hissəsini də aparır”.
Günay Rəsulqızı