Dollar BAHALAŞDI - Qlobal iqtisadiyyat böhran astanasındadır

Dollar BAHALAŞDI - Qlobal iqtisadiyyat böhran astanasındadır

ABŞ-da mərkəzi bank funksiyasını yerinə yetirən FED-in uçot dərəcəsini ardıcıl 3-cü dəfə 0,75 faiz bəndi artırmasından sonra dolların məzənnə dəyəri son 20 ilin ən yüksək səviyyəsinə çatıb. Hazırda Dollar İndeksi 111,5 səviyyəsindədir ki, bu da 2002-ci ilin aprelindən sonra qeydə alınan ən yüksək həddir. 


Sfera.az bildirir ki, dolların bu qədər bahalaşmasından sonra avro/dollar məzənnəsi 0,98 səviyyəsinə enib, dollar/TL 18,35 həddini ötüb. Eyni zamanda neft qiymətləri və qızıl bir qədər də ucuzlaşıb. 


FED-in faizləri artırması başqa nəticələrə də səbəb olacaq. Ən pis nəticə böhran olacaq. FED-in uçot dərəcəsini sürətlə artırması ABŞ iqtisadiyyatını və ümumilikdə qlobal iqtisadiyyatı böhrana sürükləyə bilər. Artıq böhranın uzaqda olmadığını ehtimal etmək olar. 


Hazırda FED-in uçot dərəcəsi 3-3,25 səviyyəsindədir. Halbuki, təxminən bir il əvvəl faizlər 0-0,25 səviyyəsində idi. FED faizləri ona görə, yüksək templə artırır ki, ABŞ-da və dünyada yüksək inflyasiyanı cilovlamaq mümkün olmur. Avqust ayına olan məlumata əsasən, ABŞ-da illik inflyasiya 8,3 faizdir ki, bu da son 30-40 ilin ən yüksək bahalaşmasıdır. 


ABŞ-da normalda inflyasiya 1-2 faiz intervalında dəyişir və həm biznes, həm də əhali aşağı qiymət artımlarına öyrəşib. Lakin bir il ərzində tələbin kəskin artması, eyni zamanda istehsal göstəricilərinin aşağı olması və bu şəraitdə Rusiyaya qarşı sərt sanksiyalar dünyanda qiymətlərin sürətlə yüksəlməsinə səbəb olub. 


Güclənən və təhlükəli həddə çatan inflyasiyanı cilovlamaq üçün dünyanın əksər mərkəzi bankları, o cümlədən FED faizləri artırır. Faizlərin artırılmasında məqsəd alıcılıq qabiliyyətinin zəiflədilməsi və bu yolla məhsulların dəyərinin aşağı salınmasıdır. 


Bəs bu, necə baş verir?


Faiz dediyimiz anlayış borclanma xərcini göstərən indikatordur. O, aşağı olanda borclanma ucuz başa gəlir, yüksək olduqda isə borclanma xərcləri artır. 
ABŞ faizləri artırmaqla 3 dəyişikliyə nail olur. 


Birincisi, dollar bahalaşır və dəyəri bu valyuta ilə müəyyənləşən malların qiyməti aşağı düşür. 


İkincisi, faizlərin artırılması FED-in və ABŞ dövlətinin qiymətli kağızlarının gəlirliliyini artır. Bu, dünyada böyük vəsaitə sahib olan şirkətlər, dövlətlər, fiziki şəxlər üçün əsl fürsətdir. Onlar böyük pullarını yüksək gəlir gətirən ABŞ qiymətli kağızlarına sərmayə edir. Nəticədə, dünyada olan pulun önəmli hissəsi ABŞ-a yönəlir və qlobal səviyyədə investisiya qoyuluşu azalır. 


Faizlərin artırılmasının yaratdığı üçüncü mühüm dəyişiklik kreditlərə olan tələbin azalmasıdır. FED-in müəyyənləşdirdiyi faizlə ABŞ-da banklar kredit alır. Banklar yüksək faizlə aldıqları krediti biznesə və əhaliyə də yüksək faizlə verirlər. Kreditlərin bahalaşması onunla nəticələnir ki, biznes subyektləri və əhali az kredit alır və beləliklə də, xərclənən pul da azalır. 


Qeyd edilən hər 3 amil ABŞ-da və dolayısı ilə dünyada tələbin, yəni alıcılığın zəifləməsinə gətirib çıxarır ki, bu da mal dövriyyəsinin kiçilməsinə, dövriyyənin kiçilməsi isə qiymətlərin aşağı düşməsinə gətirib çıxarır. 


Deməli, yüksək faizlər iqtisadi inkişafı tormozlayaraq iqtisadi böhran riskini yaratsa da, bu metodla sürətli bahalaşmanın qarşısını almaq da mümkün olur. 
Faizlərin yaratdığı təsirləri nəzərə alsaq, ehtimal edə bilərik ki, yaxın aylarda dünya iqtisadiyyatında böyümə sürəti xeyli zəifləyəcək, hətta dünya iqtisadiyyatı böhrana girəcək. 


Bu prosesdən Azərbaycan da öz nəsibini alacaq. Azərbaycan üçün ən arzuedilməz hal neftin ucuzlaşması olacaq. Dolların bahalaşmasına və tələbin zəifləməsinə görə, son 3-4 ayda “Brent” neftinin qiyməti 123 dollardan 90 dollara qədər enib. Böhran baş verərsə və bu vəziyyət bir qədər uzanarsa, neft qiymətlərinin 50-60 dollara qədər enməsi real olacaq, bu da Azərbaycanın ixrac gəlirlərinə ciddi təsir edəcək. 


Vasif,
Sfera.az


OXŞAR XƏBƏRLƏR