Uşaqları mövsümi xəstəliklərdən necə qorumaq lazımdır? – Valideynlərin DİQQƏTİNƏ!

“Hazırkı mövsümə uyğun olan infeksiyalara rotavirus, adenovirus və influenza (qrip) virusu aiddir. Bu xəstəliklərin hər birinin özünə xas xüsusiyyətləri var”.
Sfera.az bildirir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev uşaqlar arasında yayılan mövsümi xəstəliklərlə bağlı danışarkən bildirib.
O qeyd edib ki, rotavirus infeksiyası əsasən, fekal-oral yolla ötürülür və mədə-bağırsaq sisteminin infeksion xəstəliyidir:
“Bu zaman xəstənin hərarət, ürəkbulanma, qusma, qarın ağrısı, ishal, halsızlıq, iştahsızlıq kimi şikayətləri olur. Adenovirus isə hava-damcı və kontakt yolu ilə keçir. Mədə-bağırsaq sisteminin və üst tənəffüs yollarının infeksion xəstəliyidir. Bu zaman isə şikayətlər hər nə qədər rotavirusa bənzəsə də, xüsusi məqamlar var ki, bu xəstəlikləri bir-birindən fərqləndirmək lazımdır. Adenovirus infeksiyası zamanı ürəkbulanma, qusma, qarın ağrısı, ishal ilə yanaşı yüksək hərarət, burun axıntısı, öskürək, gözlərdə qızarıqlıq kimi əlamətlər olur. Qrip virusu isə soyuq havalara daha davamlı virus olduğu üçün hər il payız-qış aylarında qrip xəstəliyi ilə daha sıx qarşılaşırıq. İnfluenza virusu da hava-damcı yolu ilə keçir və üst tənəffüs yollarının xəstəliyidir. Anidən başlayan yüksək hərarət (38°С-39°С), başağrısı, burun axıntısı, öskürək, boğaz ağrısı, gözlərdə sulanma, qızarıqlıq, sümük və əzələ ağrıları kimi əlamətlərlə seyr edir. Xəstəliyin gedişatı əsasən, yüngül olur. Xüsusi risk qrupunda olan uşaqlarda və 1 yaşdan balaca uşaqlarda xəstəlik müddətində müəyyən qədər kəskinləşmə və ağırlaşmalar görülə bilər”.
Mütəxəssis bildirib ki, payız və qış mövsümlərində qrip virusuna daha çox rast gəlinir:
“Hər bir halda bu dövrlərdə insanların sıx olduğu məkanlarda olmamağa çalışmaq, xəstə ilə kontakt zamanı maskadan istifadə etmək, ümumi gigiyena qaydalarına riayət etmək, sağlam qidalanma, mövsümə görə geyinmə kimi fərdi tədbirlərin görülməsi vacibdir. Bundan əlavə, uşaqların olduğu otağın havası tez-tez dəyişdirilməlidir. Gün ərzində ən azı 45-60 dəqiqə təmiz havada olmaq lazımdır. Lakin yoluxma saylarını azaltmaq üçün ən effektiv qorunma üsulu peyvəndlənmədir. Peyvəndləmə sayəsində xəstəliyin ağır keçməsi və baş verə biləcək ağırlaşmaların qarşısını almaq mümkündür. Peyvəndin qoruyuculuğu 70-90%-dir. İnfluenza virusu antigenləri hər il dəyişkən olur. Bu səbəbdən keçirilən qrip xəstəliyi və vurulan peyvənd ömürlük immunitet yaratmır. Ona görə də, hər il qripə qarşı peyvənd olunmağı tövsiyə edirik.
Əsasən oktyabr ayında təqvim immunlaşdırma tədbirləri aparılır. Hər hansı bir səbəbdən peyvəndlənməsi gecikən uşaqlara növbəti aylarda immunlaşdırma aparıla bilər. Peyvəndin qoruyuculuğu 6-8 ay davam edir. 6 aydan sonra bütün uşaqları peyvənd etmək olar.
Bu qrupa aid olan uşaqlara isə peyvənd xüsusi olaraq tövsiyə olunur:
bronx hiperreaktivliyi olan və bronxial astma olan uşaqlar;
ürək-ağciyər xəstəliyi olan uşaqlar;
xroniki davam edən xəstəliyi olan uşaqlar;
immun sistemi zəif olan və tez-tez xəstələnən uşaqlar.
Bununla belə, 6 aydan kiçik körpələrə və yumurtaya allergiyası olan uşaqlara, həmçinin əvvəlki peyvəndlənmə zamanı allergik reaksiyası və yaxud peyvəndin tərkibindəki hər hansı komponentə qarşı həssaslığı olan uşaqlara qripə qarşı peyvənd edilməməlidir”.
Türkan,
Sfera.az