“Rəsmi Bakı İrandan izahat tələb etməlidir” – Sərhədə niyə qoşun yığır?

İran Azərbaycan və Ermənistan sərhədlərinə qoşun yeridir. Bu barədə “Ermənistanın Birləşmə” hərəkatının üzvü Avetik Çalabyan "Facebook" səhifəsində məlumat yayıb: "Bizdə olan məlumata görə, İran öz qoşunlarını Ermənistan və Azərbaycan sərhədlərinə yaxınlaşdırıb. Ona görə də narahatlığa ehtiyac yoxdur".
İran tərəfi isə məlumatı nə təkzib, nə də təsdiq edib. Rəsmi Tehran hələlik hər hansı açıqlama verməyib.
Mövzu ilə bağlı fikirlərini Sfera.az-la bölüşən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, rəsmi Tehran İkinici Qarabağ müharibəsində də eyni üsula əl ataraq, sərhəddə öz qoşunlarını toplamışdı:
“Torpaqlarımız 30 il işğal altında oldu, Ermənistan hakimiyyəti, separatçılar müxtəlif qətllər törətdilər, ancaq o zamanlar İran belə reaksiya vermirdi. Amma indi bizə mesaj göndərirələr ki, sərhədlərin dəyişdirilməsi qırmızı cizgimizdir və sərhədə qoşun yeridərək bizə təzyiq göstərirlər. Amma bunların heç biri bizə təsir edə bilməz, müəyyən hədəflərimiz var və həmin hədəflərə də çatırıq, Ermənistanı sülhə məcbur edəcəyik”.
Ekspert düşünür ki, İran proseslərə mane olmaq gücündə deyil:
“Əslində rəsmi Tehran riskə getməyə qadir deyil. Azərbaycanın Türkiyə kimi strateji müttəfiqi var, Türkiyə Azərbaycanı heç vaxt tək buraxmaz. Əlbəttə ki, rəsmi Bakı İranın sərhəddə nə üçün bu qədər qoşun yığdığına dair izah istəməlidir. Azərbaycan XİN də bu barədə müvafiq bəyanat verməlidir”.
Yeganə