Çin lideri Qazaxıstana görə Putinə “meydan oxudu” – “Bu ölkəni qoruyacağıq...”

Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin son açıqlaması geniş müzakirələrə səbəb olub.
Sfera.az bildirir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçiriləcək sammitindən öncə Kasım-Jomart Tokayevlə görüşən ölkə başçısı Qazaxıstan ərazisinə hər hansı təcavüzü qəbul etməyəcəyini bəyan edib.
“Sizi əmin etmək istərdim ki, Çin hökuməti Qazaxıstanla münasibətlərə böyük diqqət yetirir”, - deyən Si Cinpin fikirlərini bu cür davam etdirib: “Beynəlxalq vəziyyət nə qədər dəyişsə də, bundan sonra da Qazaxıstanı öz müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün müdafiəsində, sabitliyin və inkişafın təmin edilməsi istiqamətində apardığı islahatlarda qətiyyətlə dəstəkləyəcəyik. Ölkənizin daxili işlərinə istənilən qüvvələrin müdaxiləsinə qəti şəkildə qarşı çıxın”.
Analitiklər isə bu açıqlamanı Rusiyaya xəbərdarlıq kimi dəyərləndirib. Qeyd olunub ki, Qazaxıstanın ərazi bütövlüyünə ən açıq potensial təhlükələrin şimal qonşusu Rusiyadan qaynaqlandığı nəzərə alınarsa, Si Cinpinin bu sözləri Putinə Mərkəzi Asiyaya qarışmamaq mesajı kimi nəzərdən keçirilməlidir.
Corc Meyson Universitetinin Rusiya xarici siyasəti üzrə ixtisaslaşan professoru Mark Katz “South China Morning Post” qəzetinə açıqlamasında deyib ki, Sinin Qazaxıstana səfəri Pekinin bu ölkəni dost kimi görməsinə işarədir:
“Sinin Qazaxıstandakı son açıqlaması onu deməyə əsas verir ki, Pekin Mərkəzi Asiyada öz maraqlarını müdafiə etməkdə qərarlıdır və bunu Moskvaya açıq şəkildə bildirir. Bu baxımdan Rusiya Pekinin dostunu incitmək üçün heç nə etməməlidir”.
Günay Rəsulqızı