Kraliça II Elizabetin tabutu ilə bağlı müəmma açıldı – Niyə çox ağırdır?

Kraliça II Elizabetin cəsədinin daşındığı tabutun sirri açılıb.
Sfera.az bildirir ki, tabutun olduqca ağır olmasının səbəbi açıqlanıb. Səbəb onun qurğuşunla örtülü olmasıdır. Məlumata görə, kral ailəsinin üzvlərinin ölümdən sonra qurğuşunla örtülmüş tabutlara qoyulmasının elmi izahı var.
Belə ki, qurğuşunla örtülmüş tabutlar, hava keçirməyən xüsusiyyətləri sayəsində nəmin içəri daxil olmasına mane olur. Bu yolla tabutdakı meyiti bir ilə qədər saxlamaq olar.
Kral qeydlərinə əsasən, 1603-cü ildə vəfat etmiş I Elizabet də qurğuşunla örtülmüş tabutda basdırılıb. Bu isə kral ailəsinin ən azı 400 ildir “qurğuşun tabutlar” ənənəsini davam etdirdiyini göstərir.
Qurğuşun örtülü tabutlar ilk dəfə “Henri Smit” şirkəti tərəfindən hazırlanıb. Şirkət Şahzadə Filiplə yanaşı, Diana Dors, Freddie Mercury və Jimi Hendrix kimi dünyaca məşhur adların da tabutlarını hazırlayıb. Lakin 2005-ci ildə şirkət bağlandığı üçün qurğuşunla örtülmüş tabutlar haqqında məlumatlar da onunla birlikdə yoxa çıxıb.
1991-ci ildə kral ailəsinin dəfn işini öz üzərinə götürən “Leverton & Sons” Kraliça Elizabetin tabutunun həmin vaxt hazır olduğunu bildirib. Bu, kraliçanın cəsədinin olduğu tabutun təxminən 30 il əvvəl hazırlandığını ortaya qoyub. Tabutu “Henri Smit”dən təhvil alan yeni şirkət, onun dəqiq nə vaxt və necə hazırlandığı barədə çox az məlumata malikdir.
Qeyd edək ki, kral tabutları ənənəvi olaraq palıd ağacından hazırlanır.
Günay Rəsulqızı