II Elizabetin taxdığı tacın üzərindəki “Kuh-i Nur” almazı oğurluq imiş? - \"Bizdən oğurlamısınız, qaytarın...\"

II Elizabetin taxdığı tacın üzərindəki “Kuh-i Nur” almazı oğurluq imiş? - \

II Elizabetdən sonra İngiltərə Millətlər Birliyinin taleyinin necə olacağı maraq doğurur. Uzun illər krallığın kölgəsi altında yaşayan ölkələrin indiki mərhələdə müstəqilliklərini elan etməyə yaxın olduqları deyilir. Keçmiş müstəmləkələrin əsas tələbi ingilislər tərəfindən “oğurlananların” geri qaytarılmasıdır.

Sfera.az Kraliça II Elizabetin ölümündən sonra yarana biləcək mənzərəyə işıq tutmağa çalışıb.

Son illərdə birlik daxilində formalaşan respublikaçı və müstəqil oriyentasiya güclənməyə başlayıb. Keçən ay Avstraliya senatoru Lidia Torpenin parlament andında  çıxışı zamanı Kraliça II Elizabeti "müstəmləkəçi" adlandırması böyük səs-küy yaradıb. Bununla belə, kraliçanın nəzarətində olan Karib dənizindəki ada ölkəsi Barbadosun respublika olması, Yamaykanın “müstəqil” ölkə olduğunu qəti şəkildə bəyan etməsi,  bir sıra Karib hövzəsi və Asiya ölkələrinin Britaniya kral ailəsini tanımaq istəməməsi  yeni dövrdə İngiltərə Millətlər Birliyinin dağılması ehtimalını gücləndirib.

 

Kraliçanın monarxiya və birliyi qoruma yolu...

 

1952-ci ildə taxta çıxan kraliça II Elizabet Britaniya İmperiyasının keçmiş müstəmləkəçilik siyasətini də miras alıb. Afrika və Asiyada köləlik, işğal və talançılıqla bağlı olan imperiyanın siması bu gün də dəyişməyib. Bunlara Qərbi Afrika ölkələrindən heykəllərin və tarixi əsərlərin qaçaqmalçılığı, Cənubi Afrika və Hindistandan qızıl və brilyantların oğurlanması, yerli xalqın hər cür təqib və zülmü, qul ticarəti daxildir.

İmperiya tacı altında olan milyonlarla insanın müstəqillik hərəkatları illər ərzində zorakılıqla yatırılıb, siyasi böhranlar “çubuq göstərməklə” həll edilib. Bu mənada Kraliça II Elizabet 70 illik hakimiyyət dönəmində bir çox siyasi problemlərin həlli üçün lazım gəldikdə mahir diplomatiyadan və hərbi gücdən istifadə etməkdən çəkinməyən rəhbər olub. O,  monarxiyanın gələcəyinə sarsılmaz inamı və mütləq səlahiyyəti sayəsində Britaniya Birliyini bu günə qədər qoruya bilib. Bir sözlə, kraliça lazım olanda arxa planda qalaraq, zərurət yarandıqda kəskin tədbirlər görərək monarxiya ilə İngiltərə Millətlər Birliyini bir arada saxlayan güclü qüvvə rolunu oynayıb.

 

Keçmiş müstəmləkələrin tələbi...

 

Kraliçanın ölümündən sonra Karib dənizindəki Antiqua və Barbuda ada ölkəsinin dövlət başçısı Qaston Braun yeni krala tabe olmaq istəmədiklərini və üç il ərzində respublika elan etmək üçün referendumun keçirilə biləcəyini açıqlayıb. Artıq kraliçaya və krala sədaqət andı içmək istəməyən Karib dənizindəki bəzi adalar 1960-cı illərdə müstəqillik elan etsə də, II Elizabet dövlət başçısı statusundan imtina etməmişdi.

 

Ekspertlərin fikrincə, əgər bütövlükdə “Karib hövzəsi icması” ittifaqdan çıxmağı tələb edərsə, siyasi böhran domino effektinə çevrilə və Britaniya kral ailəsini ciddi çıxılmaz vəziyyətə sala bilər. Bundan başqa, İngiltərənin bəzi keçmiş koloniyaları monarxiyanın qaranlıq mirasını, cinayətlərini və suveren hüquqlarını yenidən müzakirə etməyə hazırlaşırlar. Məsələn, Cənubi Asiyada uzun illər imperatorluğun kölgəsində yaşayan müstəmləkələr, kral ailəsinin ixtiyarında olan, onlardan oğurlandığını iddia etdikləri 400 milyon dollar dəyərində almazlarını geri istəyirlər. İngilis müstəmləkəçilərinin 200 illik boyunduruğu altında yaşayan yerli xalqlar qənimətlərinin zorla onlardan alındığını iddia ediblər. Onlardan biri kral tacının üzərində yerləşən və dünyanın ən bahalı almazı olduğu güman edilən 109 karatlıq “Kuh-i Nur” almazıdır. "İşıq dağı" mənasını verən “Kuh-i Nur” almazının tarix boyu davam edən müharibələrdə Hindistanın Andhra Pradeş əyalətindən oğurlandığı və hindu, racput, muğal, iran, əfqan, sikh və nəhayət İngiltərə krallığı arasında dəyişdirildiyi deyilir.

Kişilərə bədbəxtlik, qadınlara isə uğurlar gətirdiyinə inanılan “Kuh-i Nur”  1850-ci ildə Duleep Singhdən İngilis Şərqi Hindistan Şirkəti tərəfindən ələ keçirilib. 1877-ci ildə Kraliça Viktoriya Hindistanın kraliçası elan edildikdə, almaz kral ailəsinə keçib. İngilis kraliçalarının nəsilləri tərəfindən geyilən almaz nəhayət, tacın üstünə qoyulub. Hazırda kral ailəsinə məxsus olan və London qülləsində nümayiş etdirilən “Kuh-i Nur” brilyantlı tacı tezliklə Kral III Çarlzın həyat yoldaşı Kamilla daşıyacaq.

 

Hindistanın 45 trilyon dolları..

 

İngilis iqtisadiyyat tarixini dərindən araşdıran və bu sahədə araşdırmalar dərc etdirən hindli marksist iqtisadçı Utsa Patnaik tərəfindən aparılan tədqiqatda İngiltərənin 1765-1938-ci illər arasında Hindistandan təxminən 45 trilyon dollarlıq sərvət ələ keçirdiyi iddia edilib. Bunun müstəmləkəçi Britaniya İmperiyası tərəfindən bölgədə fəaliyyət göstərən Şərqi Hindistan Şirkəti (DHŞ) vasitəsilə vergi və ticarət yolu ilə edildiyi bildirilib. 1938-ci ilə qədər davam edən bu təşəbbüsdən sonra 45 trilyon dollarlıq sərvət toplanıb ki, bu da Böyük Britaniyanın bugünkü ümumi illik ümumi daxili məhsulundan 17 dəfə çoxdur. Bununla belə, müstəmləkə edilmiş torpaqlarda zorla müsadirə edilən qiymətli daşların dəyərinin əvəzsiz olduğu vurğulanıb.

“Kuh-i Nur” haqqında açıqlamalar verən İngiltərə kral ailəsi almazın onlara hədiyyə edildiyini deyib. Lakin ən azı dörd ölkə (Hindistan, Pakistan, Əfqanıstan və İran) bu almazın İmperator qüvvələri tərəfindən talan edildiyini və geri qaytarılmalı olduğunu iddia edib. “Kuh-i Nur” almazının geri qaytarılmasını tələb edən Hindistanın millət vəkili Şaşi Tharoor, “İngiltərə bizə borcludur. Amma tamahlarının sübutu olan bu almazı qanuni sahiblərinə qaytarmaq əvəzinə, London qülləsindəki tacın üstünə taxaraq özləriniu nümayiş etdirirlər”, deyə söyləyib.

 

Gizli əməliyyatlar...

 

1950-1960-cı illərdə ən azı 23 ölkə və bölgədə aparılan gizli araşdırmadan sonra toplanan və müxtəlif cinayətlərə dəlil kimi istifadə edilən 8800 səhifəlik sənəd dərhal məhv edilib. Məhv edilmiş faylların bəzilərinin Şərqi Hindistan şirkəti tərəfindən həyata keçirilən qul ticarəti ilə bağlı sənədlər olduğu, digərlərinin isə 1952-1960-cı illər arasında Keniya torpaqlarında baş verən Mau Mau üsyanı zamanı Britaniya ordusunun törətdiyi qırğınları əhatə etdiyi düşünülür. 

 

Bundan başqa, 1895-1905-ci illərin Nandi Müqaviməti, 1913-1914 illərin Giriama üsyanı, 1947-ci ildə Muranqada məcburi əməyə qarşı üsyanlarda müxaliflərə qarşı istifadə edilən işgəncə üsullarını təfərrüatlandıran sənədlərin də məhv edildiyi iddia edilir.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...