Türkiyədə yeni bakteriya aşkarlanıb

Türkiyədə yeni bakteriya ilə bağlı həyəcan təbili çalınıb.
Sfera.az bildirir ki, yay aylarının əvvəlində xüsusilə Tokat, Sivas, Çorum kimi bölgələrdə vətəndaşların ölümünə səbəb olan gənə dişləmələri ilə bağlı məlumatlar yayılıb. Ankara Universiteti Baytarlıq Fakültəsinin müəllimi Ömər Orkun bildirib ki, Türkiyədə insanlara yoluxa bilən yeni gənə bakteriyası aşkarlanıb. Mütəxəssisin sözlərinə görə, gənə patogenləri və onların törətdiyi xəstəliklər dünya miqyasında insan və heyvan sağlamlığını ciddi şəkildə təhdid edir. O, 2 minə yaxın gənədə yüzlərlə patojeni (xəstəliyə səbəb olan mikrobları) analiz etdiklərini və 32 fərqli gənə patogeninin varlığını aşkarladıqlarını deyərək fikrini bu cür davam etdirib:
“Bu, ciddi əhəmiyyətli rəqəmdir və bunların heç biri Krım-Konqo hemorragik qızdırma xəstəliyini yaradan virus deyil. Məlum olub ki, aşkar edilmiş patogenlərdən 10-u insanlara yoluxa bilər. Onlardan biri hazırda Avropada yeni patogen kimi ortaya çıxan "Neoehrlichia Mikurensis" adlı bakteriyadır. Bu növ əvvəllər Türkiyədə mövcud deyildi, amma indi onu təsbit etdik. Bu növ zoonoz xəstəliklərin ən mühüm vektoru hesab edilir. Avropada insanlar üçün patogen olan və ən çox araşdırılan gənə növüdür. Ölkəmizdə, xüsusilə Anadolunun şimalında, Trakya və İstanbulda yayılma ehtimalı çoxdur”.
Mütəxəssis sözügedən bakteriyanın insanlarda qan damarlarının iltihabı və tromboembolik patogenliyi ilə bəzi pozğunluqlara səbəb ola biləcəyinə diqqət çəkib. O qeyd edib ki, əvvəllər xüsusilə immun sistemi zəifləmiş və ya təzyiqi olan insanlarda patogen olduğu düşünülsə də, indi vəziyyət tamamilə dəyişib: “Son illərdə Avropada baş verən hadisələrə nəzər saldıqda, immun sistemi çox yaxşı olan sağlam insanlar da xəstəliyə səbəb olan mikroblara yoluxa, hətta bəzi xəstələrdə bu, ölümlə nəticələnə bilər. İnsanlar çox vaxt bu tip gənəni ona yapışdıqda görmürlər, çünki o, çox kiçikdir”.
Ömər Orkun həmçinin insanlara gənəni tapan kimi bədənlərindən çıxarmalarını tövsiyə edib.
Günay Rəsulqızı