Azərbaycanda bu qida məhsulları BAHALAŞDI - SİYAHI

2022-ci ilin avqustunda qida məhsullarında bahalaşma bir qədər də güclənərək 21,6 faizə yüksəlib. Dinamika qida məhsullarının qiymətində artımın dayanmadığını göstərir. Belə ki, qida məhsulları illik müqayisədə iyulda 21 faiz, martda 17,4 faiz artıb.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, içkilər və tütün məmulatları da nəzərə alındığında isə ərzaq qiymətləri 20,8 faiz artıb.
2022-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə ümumi qiymət səviyyəsi əvvəlki aya nisbətən daha 1,2 faiz yüksəlib.
Avqustda qiyməti ən çox artan qida məhsuli toyuq yumurtası olub. Bu məhsulun dəyəri ay ərzində 5,6 faiz yüksəlib. Yumurtadan başqa tərəvəzlər 3,1 faiz, çörək 2,7 faiz, ət və ət məhsulları 2 faiz, qənd, şokalda və konfetlər 1 faiz bahalaşıb.
Avqustda meyvələr 3,5 faiz, balıq və balıq məhsulları 0,5 faiz ucuzlaşıb.
Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından çörəyin, unun, peçenyenin, düyünün, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, qatılaşdırılmış şəkərli südün, kəsmiyin, pendirin, yumurtanın, bitki yağlarının, limonun, xiyarın, sarımsağın, göy lobyanın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, kakao tozunun, kola içkisinin, limonadın, pivənin qiymətində artım, təzə balığın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, pomidorun, soğanın, kələmin, bibərin, badımcanın qiymətlərində enmə müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Vasif,
Sfera.az