“Dərsliklər məktəblərə gəlib çatmayıb” – Yeni tədris ilinə hazırıqmı?

“Mikroərazi prinsipinə uyğun olaraq valideynlər övladlarını məktəblərə yerləşdirməlidir. Lakin görünən odur ki, tədris ilinin başlanmasına qədər valideynlərin elektron müraciət və ərizələrinə baxılmayacaq və şagirdlər tam olaraq təhsilə cəlb edilməyəcək”.
Sfera.az bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O xatırladıb ki, hər il dərsliklərin şagirdlərə paylanması qrafiki barədə əmr imzalanar və tədris ilinin başlanmasına qədər dərslikləri məktəblər şagirdlərə paylayardılar:
“Bu il belə bir göstəriş də olmadı, heç yeni dərsliklər də məktəblərə gəlib çatmayıb. Özəl ali məktəblər öz pulları ilə belə dərslikləri tapıb ala bilmir ki, heç olmasa onlar tədrisi normal təşkil edə bilsinlər. Deməli, ən yaxşı halda tədris ili müddətində şagirdlər dərsliklərlə qismən təmin edilə bilinəcək. Həmçinin yeni tədris ilinə qədər məktəblərdə dərs bölgüsü aparılmalıdır. Lakin hələ də vakansiyalara uyğun müəllimlər məktəblərə göndərilməyib və məktəb direktorlarına digər məktəblərdən müəllim dəvət etmək səlahiyyəti də verilməyib. Bu o deməkdir ki, tədris ili başlanandan sonra da dərs bölgüsü və dərs cədvəlləri hazır olmayacaq”.
Ekspert bildirib ki, sertifikasiyadan keçə bilməyən müəllimlər valideynlər və şagirdlər qarşısında açıq təhqir edilir:
“Onlar və sertifikasiyaya cəlb ediləcək digər müəllimlər bu tədris ilindən ödənişli təlimlərə cəlb olunmaq və özünüətəhsil yolunu tutacaqlar. Yəni növbəti illərdə sertifikasiya prosesindən uğurla keçmək və maaşa daha çox əlavələr almaq müəllimlərin əsas işi, məktəblərdə keyfiyyətli dərs demək isə onlar üçün əhəmiyyətsiz iş olacaq. Beləliklə, pandemiyaya görə təhsilin normal təşkil olunmamasının ardından, qarşıdakı bir neçə ildə də müəyyən səbəblərdən ölkədə normal təhsil prosesi mümükün olmayacaq”.
Günay Rəsulqızı