Azərbaycan İsrail üçün niyə vacib tərəfdaşdır? - “İranla 420 mil (676 km) uzunluğunda olan sərhəd...”

Azərbaycan İsrail üçün niyə vacib tərəfdaşdır? - “İranla 420 mil (676 km) uzunluğunda olan sərhəd...”

İranla yeni nüvə sazişinin imzalanması ehtimalı artdıqca İsrail rəsmi Tehrana meydan oxumaq üçün yeni yollar axtarır. Bu məqsədlə İsrail Azərbaycanla hərbi-müdafiə sahəsində əlaqələrini gücləndirməyi düşünür.

Sfera.az xəbər verir ki, bu haqda ABŞ-ın hərbi yönlü saytı “Breakingdefense.com” yazıb.

 

Saytın şərhinə görə İsrail yeni nüvə sazişinin baş tutmaması üçün səylərini artırmasına baxmayaraq, istəyinə nail olacağı ilə bağlı ümidləri azdır. “Buna görə də İsrail öz variantlarını hazırlayır”, - qeyd edən yazı müəlliflərinin qənaətincə, əsas variantlardan biri Azərbaycanla hərbi əməkdaşlığın genişləndirilməsidir:

 

“İranla təqribən 420 mil (676 km) uzunluğunda sərhədi paylaşan Azərbaycan uzun illər ərzində gərgin münasibətlərə malik olub. İndi İsrail Bakı ilə Tehran arasındakı gizli gərginlikdən öz məqsədləri üçün istifadə etməyə ümid edir. Rəsmi olaraq İsrailin müdafiə qurumu Azərbaycanın İranla gələcək münaqişədə İsrailə necə kömək edə biləcəyini şərh etmir. “Bu, çox həssas mövzudur və biz sussaq, yaxşı olar" deyə mənbə “Breaking Defense”ə bildirib.

 

“Breaking Defence” ilə əlaqəsi olan və adının açıqlanmasını istəməyən İsrailin keçmiş müdafiə rəsmisi İsraillə Azərbaycan arasında müdafiə sahəsində sıx əlaqələrin əhəmiyyətinin ən yüksək səviyyədə olduğunu, lakin daha ətraflı məlumat verməyəcəyini söyləyib.

 

Müzakirələrin yaxın xarakterinə baxmayaraq, aydındır ki, Azərbaycanla sıx müdafiə əlaqələri İsrailə bəzi potensial faydalar, o cümlədən Azərbaycan ərazisində sensorların yerləşdirilməsi və ya xüsusi təyinatlıların İrana daha yaxşı nüfuz etməsinə imkan yaratmaq üçün onun İranla uzun sərhədindən istifadə etmək imkanı verib. Nəzəri olaraq, Azərbaycan da lazım gələrsə, İsrail təyyarələrinin İran ərazisinə daxil olması üçün öz hava məkanını aça bilər”.

 

Saytın məlumatına görə, İsrail və Azərbaycan arasında müdafiə sahəsində əlaqələr artır, bu münasibətlər bir neçə illik təcrübəyə sahibdir:

 

“Azərbaycan illərdir İsrail istehsalı olan silah sistemlərinin etibarlı müştərisidir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun araşdırmaları göstərir ki, 2011-2020-ci illər arasında Azərbaycanın əsas silah idxalının 27 faizi İsrailin payına düşüb. 2016-2020-ci illər arasında Azərbaycanın silah idxalının isə 69 faizi İsrailin payına düşüb ki, bu da İsrailin eyni dövrdəki silah ixracının 17 faizini təşkil edir”.

 

Məqalədə Azərbaycanın Topçubaşov Mərkəzinin direktoru Rusif Hüseynovun fikirlərinə də yer verilib. Sayt R.Hüseynovun Moşe Dayan Mərkəzinin saytında dərc olunmuş araşdırmasına istinadən yazır ki, Azərbaycan əsasən şiə müsəlman ölkəsi olsa da, bu ölkədə çoxdan mövcud olan yəhudi icması var və iki tərəf arasında heç bir münaqişə yoxdur:

 

“Hüseynov araşdırmasında qeyd edir ki, Azərbaycan 2020-ci ilin noyabrında Ermənistan üzərində qələbə qazananda və bu qələbə xalq tərəfindən qeyd ediləndə izdiham arasında İsrail bayraqları görünüb. "Bakı Azərbaycan-İsrail tərəfdaşlığının üçüncü tərəfə qarşı qurulmadığını tez-tez desə də, İran İslam Respublikası özünü həm narahat, həm də zəif hiss edir", - Hüseynov yazır.

 

Hüseynov daha sonra qeyd edir: “Əksəriyyəti şiə olan bir xalqın yəhudi dövləti ilə əla münasibətlər qurması faktını qəbul etmək Tehran rejimi üçün psixoloji baxımdan da çətindir. Ona görə də 1990-cı illərin ortalarından İranın yüksək vəzifəli şəxslərinin Azərbaycana qarşı təhdidləri kifayət qədər adi hala çevrilib.

 

Bu yaxınlarda, 2021-ci ilin sentyabrında İran tərəfi Azərbaycan sərhədi boyunca minlərlə qoşun toplayıb böyük hərbi təlim təşkil etdi. Təhdid Bakının anında reaksiya göstərməsinə səbəb olub. Prezident İlham Əliyev Tehrana mesaj göndərdi və kameralar qarşısında İsrail istehsalı olan “Harop” kamikadze dronu ilə görüntüləndi”.

 

İranlılar Azərbaycanla İsrailin yaxın münasibətlərindən xəbərdardırlar və müxtəlif məqamlarda Tehranın əndişələrini açıq şəkildə bəyan ediblər. İranın Azərbaycandakı səfiri “Tehran Times” qəzetinin son müsahibəsində də İranın narahatlığını dilə gətirib”.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR