Bu günün tələbəsi, gələcəyin işsizi – İxtisas seçərkən nələrə diqqət etməliyik?

Məlum olduğu kimi, 2022/2023-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb. Bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Ali təhsil müəssisələrinin müsabiqəsində 66724 nəfər iştirak edib. Abituriyentlərdən 48841 nəfəri (o cümlədən 4927 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 23044 (o cümlədən 253 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25797 (o cümlədən 4674 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Hər il ali məktəbə qəbul olan tələbələrin gələcəkdə öz ixtisası üzrə iş tapıb-tapmayacağı müəyyən suallar yaradır. Ona görə də valideynlər və abituriyentlər ixtisas seçimində çox götür-qoy etməli olurlar. Bəzi hallarda isə oxuduğu ixtisas üzrə iş tapa bilməyən gənclərin sayında artım müşahidə edirik.
Təhsil üzrə ekspert Elçin Əfəndi Sfera.az-a açıqlamasında belə halların baş verməməsi üçün abituriyentlərin seçim edərkən gələcəkdə ixtisasları üzrə kadrlara ehtiyac olmasının araşdırılmasının vacib olduğunu düşünür:
“Əmək bazarında bəzi ixtisaslar var ki, konkret şəkildə işçi tələbi çoxdur. Lakin elə ixtisaslar da var ki, həmin sahədə işçiyə o qədər də ehtiyac yoxdur. Məsələn, hər il minimal olaraq 30 nəfər tələbə politologiya ixtisasını bitirirsə, onların hamısı müvafiq olaraq işlə təmin olunmur. Onlar yalnız dövlət qulluğunda imtahandan keçdikdən sonra iş tapa bilirlər. Müəyyən ixtisas sahibləri də var ki, onlar ümumiyyətlə iş tapmaqda çətinlik çəkirlər. Ona görə də universitetlərə ixtisas seçimi edərkən mütəxəssis rəyindən yararlanmaq lazımdır. Yaxşı olar ki, abituriyentlər gələcəkdə hansı ixtisas üzrə işçiyə ehtiyac varsa, həmin ixtisasda təhsil alsınlar. Bunun üçün daha erkən yaşda, məsələn, 7-8-ci siniflərdə ixtisas seçimi etsələr, onlar üçün daha yaxşıdır”.
“Ali məktəblərdə builki təhsil haqları necə olacaq?” sualına gəlincə, ekspert vurğulayıb ki, cari ildə təhsil haqqı bəzi universitetlərdə bir qədər artmışdı, xüsusilə, özəl universitetlərdə bu, özünü daha çox göstərirdi:
“Dövlət universitetlərinin bəzilərində qiymətlər əvvəlki kimi qalsa da, bir çoxlarında təhsil haqqında artımlar var idi. Əlbəttə, faktiki təhsil haqqı ilə verilən təhsilin müqayisəsini aparsaq, verilən təhsilin müqabilində həmin vəsaitin yüksək olduğunu söyləyə bilərik. Tələbəyə kifayət qədər keyfiyyətli təhsil verə bilmirik. Amma bunun qarşılığında daha çox təhsil haqqı tələb edirik. Bu, düzgün deyil. Düşünürəm ki, aidiyyəti qurumlar bu məsələni mütləq şəkildə diqqətdə saxlamalıdırlar”.
Yeganə