“Universitetlərin bir hissəsi ləğv edilərək peşə məktəbləri ilə əvəz olunsun” – Ekspertdən TƏKLİF

“Ölkədə daha çox peşəkar peşə məktəblərinə yönəlməklə yaxın gələcəkdə gənclər arasında işsizliyin sayını minimuma endirə bilərik”.
Sfera.az bildirir ki, bunu tanınmış ekspert Elnur Fərzəliyev deyib.
O xatırladıb ki, hər il ali təhsil müəssisələrinə keçid balları aşağı salınır və ikinci şans kimi növbəti imtahanlarda iştirak icazəsi verilir:
“Hazırda ölkədə diplomlulardan ibarət böyük bir işsizlər ordusu var. Kiçik araşdırma aparsaq, o zaman aydın olar ki, hər il məzun olan tələbələrin sayı o ixtisaslar üzrə açılan yeni iş yerləri ilə üst-üstə düşmür. Əlavə olaraq il ərzində məzun olanlarla eyni ixtisaslar üzrə təqaüdə çıxan şəxslər arasındakı fərq başqadır. Bölgələrdən paytaxta ali təhsil almaq ücün gələn tələbələrin aylıq xərclərinə nəzər salsaq, görərik ki, tələbələrin valideynləri 4 il ciddi maddi sıxıntılar içərisində yaşamalı olurlar. Oğlan tələbələrin böyük əksəriyyəti məcburən dərsdən sonra restoranlarda ofisant və digər sahələrdə çalışırlar. Avropa və digər inkişaf etmiş ölkələrdə isə hər il yüz minlərlə yeni işci qüvvəsi tələb olunur. Tələblərdə peşə və kənd təsərrüfatı üzrə diplomlu mütəxəssislərə üstünlük verilir. Azərbaycanda da istənilən peşə sənətinə yiyələnmiş peşəkarlara daima ehtiyac var. İstər bərbər, istər avtomobil təmiri, istərsə də digər bütün peşə sahələrində çalışan ustaların qazancları hər zaman digər sahələrdən daha çox olub. Təbii ki, vətəndaşlarımızın ali təhsilli, savadlı olması çox yaxşıdır. Amma bu həm də aztəminatlı tələbə ailələrinin kütləvi surətdə daha da kasıblaşmasına gətirib çıxarır”.
Ekspert qeyd edib ki, tək paytaxtda deyil, bütün rayonlarda sovet dövründən qalmış peşə məktəblərini istər təhsil, istərsə də yeni ixtisaslar üzrə profesional formada yeniləməklə Bakıya gələn tələbə axınının da qarşısını almaq olar:
“O cümlədən gənclər elə öz yaşadıqları ərazidə iki il ərzində daha mükəmməl peşə sənətlərinə yiyələnər və qısa müddət ərzində öz ixtisasları üzrə işlə təmin oluna bilərlər. Aidiyyatı qurumların bu sahəni inkişaf etdirməsi diplomlu peşəkar sənətkarlar və ustaların yetişməsinə yol açar. Onlara nəinki ölkəmizdə, hətta dünyanın istənilən yerində öz sahələri üzrə normal iş tapmaq şansı verilmiş olar”.
Türkan,
Sfera.az