Təhsil eksperti övladlarını pulla məktəbə yerləşdirənlərdən danışdı: “Günahkar bizik...?”

“Valideynlər övladlarını yaşadıqları mikroərazidəki məktəblərə elektron qaydada yerləşdirməyə cəhd edirlər. Hərəsi 20 nəfər üçün nəzərdə tutulan siniflər dolduğu üçün övladlarını daha uzaq məktəblərdə yerləşdirməyə məcbur olurlar”.
Sfera.az bildirir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, sonradan valideynlər 20 nəfərlik siniflərin 24 nəfərlik edildiyini və o yerlərin də dolduğunu görürlər:
“Nazirlik bunu tələbatın artması ilə əlaqələndirir. Lakin heç kimə sirr deyil ki, bu qrup valideynlər təmənna və tanışlıqla övladlarını ora yerləşdiriblər. Bunu bildirəndə adamdan sübut tələb edirlər. Çünki yaxşı bilirlər ki, heç kim verdiyini və aldığını etiraf etməz. Elə mən dost və qohumlarımdan neçə nəfərin bu yolla övladlarını məktəbə yerləşdirdiyini bilirəm, onları da qınamıram. Niyə də övladını yaşadığı yerə yaxın məktəbə yerləşdirməsinlər ki? Keçmiş rektorlardan biri demişkən, demək pul versəydi, sistemdə onun üçün də yer tapılardı. Rus sektoruna qəbul üçün isə uşaqların müsahibəsinin hansı səviyyədə olması, buna cavabdeh məmurların işdən çıxartmağa məcbur olmaqla müşayət edilməsi özü hər şeyi deyir. Lakin hamının gördüyü və bildiyi məsələdə sübutu bizdən istəyirlər”.
Ekspert bildirib ki, tanıdığı onlarla insan xaricdə təhsil aldıqları diplomları rahatlıqla tanıtdırıb:
“Təsəvvür edin, xaricdə əyani tibb təhsili almalı olan və diplomunu tanıtdıran adama mən başa sala bilmədim ki, sən Rusiyada yox Ukraynada təhsil almısan. Bu halda da rəsmilər deyirlər ki, faktı təqdim elə və biz tədbir görək. Demək mən adamdan təsdiq etdiyi diplomun sertifikatını almalıyam və nazirliyə təqdim etməliyəm! Buna kim razılaşar ki? Demək hamı razıdır - alan da, verən də. Lakin sübut edə bilmədiyimiz üçün günahkar bizik!?”.
Türkan