Makronu İlham Əliyevə zəng etməyə məcbur edən SƏBƏB
Dünən Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında E.Makron son günlər regionda yaranmış gərginlikdən narahatlığını ifadə edərək Ermənistan və Azərbaycan arasında danışıqların davam etdirilməsinin və 2020-ci 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin vacibliyini qeyd edib.
Ölkə başçısı isə danışıq zamanı qətiyyətli mövqeyini ortaya qoyaraq erməni silahlılarının Qarabağdan çıxarılmasının tez bir zamanda təmin edilməsinin vacibliyini vurğulayıb:
“Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsurlərinin ərazimizdən çıxarılması təmin edilməlidir. Lakin Ermənistan tərəfindən bu hələ də təmin edilməyib. Bu isə öz növbəsində rəsmi İrəvan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması və Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsidir”.
Beynəlxalq məsələlər üzrə mütəxəssis, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli Prezidentlərin telefon danışığını Sfera.az-a şərh edib.
Ekspertin sözlərinə görə, ölkə başçısının söylədikləri göstərir ki, problemlər qaldıqca əməliyyatlarımız davam edəcək:
“Azərbaycanın iradəsi budur ki, hərbi əməliyyatlar çıxış yoludursa, mütləq şəkildə bunu reallaşdıracağıq. Yəni addımlarımız davam edəcək, bundan sonra da erməni silahlı dəstələrinin antiterror əməliyyatları çərçivəsində cəzalandırma prosesi daha sürətli şəkildə aparılacaq. Fransanın narahat olmasını anlayırıq, çünki Ermənistanın Fransada böyük nüfuzu olan diaspor lobbisinin olmasına baxmayaraq, indiki Azərbaycan-Fransa münasibətəri əvvəlkindən yüksək səviyyədədir”.
Ə.Əlibəyli vurğulayıb ki, Fransanın həqiqətlərə şahid olması bizim üçün ciddi əhəmiyyət kəsb edir:
“Cənubi Qafqazda, xüsusən Azərbaycan ərazisində Ermənistanın işğalçılıq planlarını davam etməsi, terrora dəstək verməsi, sərhədləri tanımaması, dövlət olaraq bölgədə siyasi-iqtisadi pəncərələri açmaq istəməməsinin bir səbəbi var. Onların problemin davam etməsinə yönəlik əməliyyatlardan sonra dərhal veridiyi açıqlamalar, Qarabağın statusundan bəhs etmələri, təmas xəttindən və Laçın dəhlizindən danışmaları göstərir ki, desturiktiv mövqedə qalacaqlar. Nəticədə Azərbaycan da cəzalandırma aksiyalarını davam etdirəcək. Hesab edirəm ki, bu məsələlər də telefon danışığında müzakirə olunub. Əslində problemlərin həllində Makronun təmsil etdiyi ölkə də Avropa İttifaqının (Aİ) üzvü kimi maraqlı olmalıdır. Bölgədə Azərbaycanın neft-qaz ehtiyatları Avropanın xilasında mühüm rol oynayır. Gərək Avropa, xüsusilə də Fransa bu məsələdə kifayət qədər diqqətli olsun”.
Yeganə