Zelenski Çin liderinə görüş təklif etdi – Məqsəd nədir?

Zelenski Çin liderinə görüş təklif etdi – Məqsəd nədir?

Ukrayna prezidenti Vladimir Zelenski Çin Sədri Si Cinpinlə birbaşa danışıqlar aparmaq və Ukraynadakı münaqişəni müzakirə etmək istəyir.

Bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

 

“Çinlə heç bir söhbətimiz olmayıb, baxmayaraq ki, bunun faydalı olacağını düşünürəm", - deyə Ukrayna prezidenti vurğulayıb.

 

Zelenskinin sözlərinə görə, Çin çox güclü iqtisadiyyata malik dövlətdir və buna görə də Rusiyaya siyasi və iqtisadi cəhətdən təsir göstərə bilər.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ əvvəlcə Rusiyanı “bataqlığa” çəkdi, indi Tayvan “kartı” ilə Çini onunla hesablaşmağa sövq etmək istəyir. Müsahibimizin sözlərinə görə, Zelenski isə bu proseslərdən yararlanmağa çalışacaq:

 

“Pekinlə Moskva arasındakı münasibətlər məlumdur. İndi onlar eyni rəqibə - Vaşinqtona qarşı birgə mübarizə aparmalıdırlar. Əks halda işləri çətin olacaq. Çinin müharibəni dayandırması ağlabatan deyil. Pekin Zelenskinin düşündüyünü etməyəcək, Moskvaya təzyiq göstərməyəcək. Amma indiki situasiyadan hər tərəf öz maraqları naminə istifadə edə bilər. Əgər Çin Ukraynadakı proseslərə müdaxilə etmək barədə razılıq versə, bunun əvəzində nə isə tələb edəcək. Çox güman ki, Pekinin həmin şərti məhz Vaşinqtonla bağlı olacaq. Ümumiyyətlə, hazırda dünyada proksi müharibə gedir. ABŞ Ukraynada Rusiya ilə müharibə apardığı kimi, eyni ssenarini indi Tayvanda təkrarlamağa çalışır. Kiyev Vaşinqton, Moskva və Pekindən fərqli olataq bu proseslərdə əsas aktor deyil. İndi Ukrayna ABŞ-dan asılıdır. Çünki Ağ Ev hərbi dəstəyi dayandırsa, Ukrayna Rusiyaya qarşı çox tab gətirə bilməyəcək. Bu mənada düşünmək olar ki, Zelenskinin bəyanatları əslində Ağ Evin sifarişləridir. Lakin bu, bir çox ekspertin iddia etdiyi kimi Ukrayna liderinin ABŞ-ın agenti olduğuna dəlalət etmir. Zelenski sadəcə təcrübəsiz davrandı”.

 

Ekspert qeyd edib ki, Zelenskinin Çin lideri ilə telefon danışığı barədə dedikləri də məhz ABŞ-ın diktəsidir:

 

“Ağ Ev çox böyük oyun qurur. Qeyd etdiyimiz kimi, Si Cinpin Putinə “müharibəni dayandır” deməyəcək. Hətta desə belə, Kreml bunu etməyəcək. Amma, ola bilsin, Bayden administrasiyası nəyinsə, məsələn, Tayvanda sabitliyin təmin olunmasının əvəzində Moskva ilə Pekini üzə-üzə qoymaq istəyir.  Müharibə bir az da davam edəcəyi təqdirdə, Rusiyanın əsas güman yerlərindən biri Çin olacaq. Mümkündür ki, ABŞ indidən həmin mərhələyə hazırlıq görür və Moskvanı Pekinin ehtimal edilən yardımından məhrum etmək istəyir.  ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana gedib- gələndən sonra Çinin dünyadakı nüfuzuna ciddi zərbə dəydi. Çünki Çin Pelosinin təyyarəsini vurmaqla bağlı dəfələrlə xəbərdarlıq etmişdi. Amma bu, olmadı. Beləliklə, onsuz da reputasiyası azalmış Pekin, yəqin ki, bundan sonra Vaşinqtonla daha ehtiyatlı davranmağa çalışacaq və əlavə problem, macəra axtarmayacaq.  Yaxın vaxtlarda Zelenski ilə Si Cinpin arasında telefon danışığının baş tutması gözləniləndir”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR