Mərkəzi Bankın fəaliyyəti qanunsuzdur - Ekspert
“Mərkəzi Bankın fəaliyyəti qanunsuzdur. Çünki idarə heyətində yetərsay yoxdur”.
Sfera.az xəbər verir ki, bu açıqlamanı hüquqşünas, bank sahəsi üzrə ekspert Əkrəm Həsənov verib.
O xatırladıb ki, Mərkəzi Bankın yeni rəhbəri Taleh Kazımovun sədr vəzifəsinə təyin edilməsinin 100 günü tamam olub. Ə.Həsənov bu müddətdə Mərkəzi Bankın qanunçuluğun təminatı sahəsində dəyişikliyin olmadığını bildirib:
“Hazırda Mərkəzi Bankın İdarə Heyətində cəmi 3 üzv var: sədr və iki müavin. Halbuki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən İdarə Heyətinin tərkibi 7 nəfərdən ibarət olmalıdır: sədr, Mərkəzi Bankda daimi əsaslarla işləyən dörd üzv və iki kənar üzv. Qanunun 23.5-ci maddəsinə görə İdarə Heyətinin iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır və bunlardan biri sədr, yaxud onu əvəz edən şəxs olmalıdır. Yəni, yetərsay üçün İdarə Heyətində azı 4 üzv olmalıdır. Hazırda 3 üzv olduğu üçün İdarə Heyəti heç bir qərar qəbul edə bilməz.
Xatırladıram ki, İdarə Heyətinin səlahiyyətləri Qanunun 22-ci maddəsində təsbit edilib. Həmin səlahiyyətlərə o cümlədən bunlar aiddir: pul siyasətinin alətlərinə dair qərarların qəbulu, o cümlədən uçot dərəcəsinin müəyyən edilməsi, normativ xarakterli aktların təsdiqi və s. Son aylar ərzində Mərkəzi Bank bu səlahiyyətləri həyata keçirib. Pul siyasəti (uçot dərəcəsi və s.) ilə yanaşı məsələn, 29 iyun 2022-ci il tarixdə İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda” təsdiq edib. Görəsən, yetərsay olmadan bunu necə edib? Açıq-aşkardır ki, bütün bu qərarlar etibarsızdır və onların hüquqi qüvvəsi yoxdur.
Özünün fəaliyyəti qanuna uyğun olmayan Mərkəzi Bank banklarda, sığorta şirkətlərində və s. qanunçuluğu necə təmin edəcək?”
Ə.Həsənov Mərkəzi Bankın fəaliyyətinin qanun çərçivəsində həyata keçirildiyini sübut etmək üçün hüquqi əsas tapmağa çalışacağını da söyləyib:
“Cavab mövqeyi belə olacaq ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 23.5-ci maddəsinə əsasən İdarə Heyətinin iclası üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır, İdarə Heyətində 3 üzv var, hamısı da iştirak edib”, - deyən ekspert hesab edir ki, bu yanaşma absurddur: “Çünki Qanun təbii ki, üzvlər dedikdə müəyyən etdiyi sayı (7 nəfəri) ehtiva edir. Əks halda, belə çıxır ki, hətta yalnız sədr varsa və iştirak edirsə, guya yetərsay var, çünki mövcud üzvlərin yarıdan çoxu iştirak edir. Bəs onda Qanunla İdarə Heyətinin say tərkibi (kollegiallıq) ümumiyyətlə niyə müəyyən edilir?”
Vasif
Sfera.az