\"Azərbaycanda müxtəlif etnik qruplar arasında sabitliyi pozmağa çalışan qüvvələr var\" - Deputat

\

Bu gün Azərbaycanda müxtəlif dini və etnik qrupların nümayəndələri yaşayır. Azərbaycan Republikasının Prezidenti İlham Əliyev ölkəmizdə əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və dostluq şəraitində yaşamalarını Azərbaycanın ən böyük sərvətlərindən biri kimi dəyərləndirir.

 

Ümumiyyətlə, çoxmillətli və çoxdinli ölkələrdə əmin-amanlığı qoruyub saxlamaq, həmin şəxslərin sülh şəraitində yaşaması üçün dövlət tərəfindən həyata keçirilən siyasət də mühüm rol oynayır.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Ceyhun Məmmədov Azərbaycan dövlətinin müxtəlif din və millətlərin nümayəndələrinə qarşı maksimum diqqət göstərdiyini deyib. O, bu istiqamətdə maddi dəstəyin göstərildiyini də ifadə edib:

 

“Azərbaycanda dini və milli tolerantlıq ən yüksək səviyyədədir. Bu gün ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh və anlaşma şəraitində yaşayırlar. Azərbaycan dövləti dinindən və millətindən asılı olmayaraq bütün insanlara diqqət və qayğı göstərir. Bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda müsəlmanlar, yəhudilər, xristianlar və digər dinlərin nümayəndələri qarşılıqlı anlaşma şəraitində yaşayırlar. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan dövləti onların yalnız dini və etnik azadlıqlarını təmin etmir. Hər il dövlət büdcəsindən bu istiqamətdə maliyyə ayrılır. Azərbaycanın ayrı-ayrı bölgələrində yaşayan ayr-ayrı xalqların nümayəndələrinə də dövlət dəstəyi göstərilir”.

 

Millət vəkili Azərbaycanın tarix boyu multikultural mövqe sərgilədiyini də diqqətə çatdırıb:

 

“Azərbaycan tarixən müxtəlif dini icmaların, etnik qrupların yaşadığı bir ərazi olub. Ona görə də indi müxtəlif millətlərin və dinlərin nümayəndələrinə qarşı dözümlülüyün olmasına səbəb Azərbaycanın bu xüsusda yaxşı tarixi təcrübəyə malik olmasıdır. Eyni zamanda dinimiz İslamın yanaşması da burada mühüm yerdə dayanır. İslam dini bütün müsəlmanlara başqa din və millətlərə hörmətlə yanaşmağı buyurur”.

 

Deputat xaricdən və daxildən ölkədə sabitliyi pozmağa çalışanların olduğunu da deyib:

 

“Həm xaricdən, həm də daxildən Azərbaycanda müxtəlif etnik qruplar arasında sabitliyi pozmağa çalışan qüvvələr var. Bunun qarşısını dövlət maksimum dərəcədə ala bilir. Lakin bizim hər birimiz mümkün dərəcədə diqqətli olmalıyıq ki, gələcəkdə də ölkəmizi bu kimi təhlükə və təhdidlərdən qoruya bilək. Bu gün dünyada müxtəlif xoşagəlməyən hadisə və proseslər baş verir. Ona görə də bacardığımız qədər belə həssas məsələlərdə diqqətli olmalıyıq”.     

 

Əzizə Zeynal
Sfera.az

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.


MÖVZU: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi


OXŞAR XƏBƏRLƏR