Azərbaycanda da dollar bahalaşacaq? - "Dövrün zərurətidir..."
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) uçot faiz dərəcəsini artırmaqda davam edərkən bu, dolları digər valyutalar qarşısında bahalaşdırır.
Maraqlıdır, dollar Azərbaycanda da bahalaşa bilərmi? Yaxın zamanlarda belə bir ehtimal var?
Məsələ ilə bağlı Sfera.az-a danışan istisadçı-ekpsert Eldəniz Əmirov dolların bahalaşmasını “dövrün zərurəti” kimi dəyərləndirib:
“Hələ pandemiyadan əvvəl də uçot dərəcəsi FED tərəfindən minimumda saxlanılırdı. Bunun da səbəbi iqtisadi aktivliyin daha yuxarı səviyyəsinə nail olmaq idi. İnflyasiyanın son dövrlərdə 30 ilin ən yüksək həddində olması, ev təsərrüfatlarının ciddi şəkildə sıradan çıxması ilə ABŞ inflyasiyanı cilovlamağa qərar verib. İnflyasianın cilovlanması üçün əsas vasitə uçot dərəcəsinin artırılmasıdır. Buna görə də ABŞ belə bir yola əl atıb. FED-in uçot dərəcəsini qaldırması nəticə etibarilə dolların bahalaşması anlamına gəlir. Dolların digər valyutalar qarşısında bahalaşması isə başqa məzənnələrin enməsinə gətirib çıxaracaq”.
Ekspert dolların bahalaşmasının manata təsirindən də danışıb. İqtisadçının sözlərinə görə, manat bəzi valyutalar qarşısında bahalaşıb:
“Dolların qiymətinin qalxması manata ciddi mənada təsir etməyəcək. Ona görə ki, manatın səviyyəsini dollara qarşı bazar tənzimləmir. Bu, iqtisadi metodlarla, inzibati metodlarla həyata keçirilə bilər. Ölkədə makroiqtisadi tarazlığın qorunması məqsədilə manatın məzənnə stabilliyinə üstünlüyün verilməsi dövlət tərəfindən öhdəliyə götürülüb. Dövlət büdcəsinin təhlili də göstərir ki, neft qiymətləri arasındakı kəskin fərq onu deməyə əsas verir ki, 2022-ci ildə də dolların qiymətinin qalxması ilə bağlı ciddi gözlənti yoxdur. Mütləq heç nə yoxdur, lakin böyük ehtimal belədir ki, bu il devalvasiya gözlənilmir. Manat yalnız dollara görə inzibati qaydada tənzimləndiyindən dollar da digər valyutalara qarşı bahalaşdığından, manat dolayısı ilə türk lirəsi və avroya qarşı bahalaşmış olur”.
Əzizə Zeynal
Sfera.az