Bu il bitkiçilik məhsullarının istehsalı kəskin artıb - Azərbaycanın kənd təsərrüfatına hansı təsirləri var?

Bu il bitkiçilik məhsullarının istehsalı kəskin artıb - Azərbaycanın kənd təsərrüfatına hansı təsirləri var?

2022-ci ildə Azərbaycanda bitkiçilik məhsullarının istehsalında kəskin artım müşahidə edilir.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ilin ilk 4 ayı (yanvar-aprel) ərzində bitkiçilik məhsullarının istehsalı real göstəricilərlə müqayisədə 14,8 faiz artıb.

 

Artım sürəti ötən ilin eyni dövrünə nisbətən xeyli yüksəkdir. Belə ki, ötən ilin yanvar-aprelində bitkiçilik məhsullarının istehsalında artım 2,6 faiz idi. Müqayisə göstərir ki, bu il bitkiçilik məhsullarının istehsalında artım sürəti 6 dəfəyə yaxın güclənib.

 

Bazar qiymətləri ilə müqayisə etdikdə isə bitkiçilik məhsullarının istehsalında artımın daha böyük olduğunu görürük. 2021-ci ilin ilk 4 ayında cəmi 104 milyon manatlıq bitkiçilik məhsulu istehsal olunduğu halda, bu ilin eyni dövrü ərzində 145,2 milyon manatlı bitkiçilik məhsulları istehsal edilib. Müqayisədən görünür ki, bu il istehsalın dəyəri 40 faizə yaxın artıb.

 

Maraqlıdır, bu il bitkiçilik üzrə istehsal göstəricisinin kəskin artmasına nə səbəb olub?

 

2022-ci ildə bitkiçilik məhsullarının istehsal dəyərinin artmasına tərəvəz istehalının artması daha çox təsir edib. Yanvar-aprel aylarında istehsal edilən bitkiçilik məhsullarının əsas hissəsini üstüörtülü sahələrdə və istixanalarda tərəvəz istehsalı təşkil edir. Bu ilin yanvar-aprel aylarında 127,5 min ton tərəvəz istehsal olunub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 17,1 faiz çox məhsul deməkdir. Ötən ilin yanvar-aprel aylarında 105,2 min ton tərəvəz məhsulları istehsal edilmişdi.

 

Bu il bitkiçilik məhsulları üzrə istehsalın böyük olmasına həm də istehsal xərclərinin artması da təsir göstərib.

 

Qaydalara görə bitkiçilik sektoru üzrə ümumi istehsal göstəricisinə cari dövrdə istehsal olunan məhsulların dəyəri ilə yanaşı bitkiçilikdə bitməmiş istehsalın dəyərinin dəyişməsi də daxil edilir. Bitkiçilikdə bitməmiş istehsalın dəyərinə torpağın becərilməsinə çəkilən xərclər (payız şumlaması, herik şumlanması, məhsulu gələcək dövrlərdə əldə olunacaq payızlıq taxılın əkini üçün zəmin hazırlanması), yatırım xərcləri, bağların becərilmə və saxlanma xərcləri daxildir.

 

Rəsmi məlumatlara görə bu il bitkiçilik məhsulları üzrə istehsal xərcləri 21 faizdən çox artıb. Belə yüksək artım da bitkiçilik üzrə istehsal göstəricilərinin daha böyük olmasına kömək edib.

 

Onu da əlavə edək ki, bitkiçilik məhsulları üzrə istehsalın artması Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracına müsbət təsir edir. Çünki ölkəmizin xaricə satdığı kənd təsərrüfatı mallarının böyük hissəsi bitkiçilik məhsullarından ibarətdir. Yanvar-aprel ayları ərzində xaricə 282,3 milyon dollarlıq kənd təsərrüfatı məhsulu satılıb. Bunun 279,8 milyon dolları, yəni 99,11 faizi bitkiçilik məhsullarından ibarət olub və həmin məhsulların satış dəyəri təxminən 20 faiz artıb.

 

Bu fakt göstərir ki, bitkiçilik məhsulları üzrə ixrac imkanları böyükdür və yerli istehsalın artması ixracın dəstəklənməsi baxımından da əhəmiyyətlidir.

 

Vasif

Sfera.az 


OXŞAR XƏBƏRLƏR