Kitabların ƏDV-dən azad edilməsinin hansı müsbət təsirləri olacaq? - Ekspertdən açıqlama
Media
15:45 / 13.05.2022
1087
"Azərbaycan dilində lazımi kitabların tapılmaması müstəqilliyin ilk günlərdən başlayaraq, son illərə qədər ciddi problem olaraq qalır”.
Sfera.az-ın məlumatına görə, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov kitabların 18% ƏDV-dən azad edilməsi ilə bağlı danışarkən deyib.
O, dilimizə çevrilmiş kitabların az olmasının səbəblərini tərcümə, termin, o cümlədən oxucu azlığı və istəksizliyindən qaynaqlandığını bildirib:
"Ən böyük problem isə maliyyə idi. İstər tərcümə edilən, istərsə də yeni yazılan kitabların ərsəyə gəlməsi üçün xeyli vəsait lazım olur. Yuxarı maya dəyəri və bərbad satış səviyyəsi kitab sənayesini torpaqda sürüdür. Buna görə də zaman-zaman həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışının ƏDV-dən azad edilməli olduğunu deyirdik. Bu gün Nazirlər Kabineti məhz həmin qərarı təsdiqləməklə kitabsevərləri sevindirdi. Düzdür, prezident tərəfindən 2021-ci ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişiklikdən sonra bu qərar gözlənilirdi. Çünki, ƏDV-dən azad edilən mal və məhsulların siyahının təsdiqlənməsi Nazirlər Kabinetinə tapşırılmışdı”.
Ekspert əlavə edib ki, çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini azaltmaqla kitab sənayesinin inkişafına təkan verəcək:
"Hər halda ilkin ehtimal budur. Çünki ƏDV-dən azad etmə bir sahənin inkişafı üçün ən yaxşı dəstək formasıdır. Amma insanların telefonlardan və "Tik-Tok”dan gözünü ayırıb kitab oxumaq həvəsi artmasa, nəinki, ƏDV-dən azad etmək, heç subsidiyalaşdırmaq da kitab sənayesini inkişaf etdirə bilməz”.
Günay Rəsulqızı
Sfera.az