"Müxalifətin istədiyi olsa, ermənilər əlindəkiləri də itirəcək" - ŞƏRH
Media
14:53 / 13.05.2022
1106
Erməni müxalifət qüvvələri artıq mayın 1-dən etibarən İrəvanda kütləvi aksiyalara başlayıblar və aksiya iştirakçılarının sayını artırmaqla məşğuldurlar. Etiraz mitinqlərinin təşkilatçıları olan İşxan Saqatelyan və Artur Vanetsyanın hər gün iştirakçıların sayının artması haqda verdikləri hesabatlara baxmayaraq istənilən nəticənin əldə olunmaması göz qabağındadır.
Bəs bunun səbəbi nədir? Erməni müxalifəti niyə fiaskoya uğrayır?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki, erməni müxalifətinin hətta say artırmaq məqsədilə erməni qadınlarından istifadə etmək təşəbbüsü də nəticəsiz qalıb:
"Onlar ötən həftə qadınları meydana çıxardılar ki, əhalini nümayişdə iştirak etməyə stimullaşdırsınlar. Amma bu da nəticə vermədi. Mitinqlərə qoşulanların sayının az olmasını müxtəlif səbəblərlə izah edirlər. Bu heç də Ermənistanın Baş Naziri Nikol Paşinyanın apardığı siyasətlə razı olanların sayının daha çox olması və respublikada mövcud olan iqtisadi-siyasi vəziyyətin əhalini tam qane etməsi anlamına gəlməməlidir. Məlum olduğu kimi 44 günlük müharibədən sonra Paşinyanın apardığı siyasətin ölkəni uçuruma aparmasını düşünənlərin sayı artıb və ölkədə iqtisadi-siyasi vəziyyət hər keçən gün daha ağırlaşır. Məsələ burasındadır ki, mitinq və nümayişlərə ciddi münasibət bəslənilməməsinin əsas səbəbi onların arxasında keçmiş prezidentlər, Qarabağ klanının rəhbərləri Robert Köçəryan və Serj Sarkisyanın dayanmasıdır. Təşkilatçılar eks-prezidentləri kölgədə saxlamağa çalışsalar da, sadə insanları aldada bilmədilər. Çünki onlar Robert və Serjin nümayişləri təşkil etməkdə əsl məqsədlərinin nədən ibarət olduğunu çox gözəl başa düşürlər. Xalqdan məhz belə reaksiya gözlədiklərinə görə müxalifət nümayəndələri bu keçmiş prezidentləri indiki mərhələdə gizlətməyə çalışdılar”.
Müsahibimiz bildirib ki, Qarabağ klanının yenidən siyasi səhnəyə qayıtması daha möhkəm şəkildə Rusiyanın əsarəti altına düşmək, Avropaya yaxınlaşmaq xəyalından əl çəkmək, yenidən müharibə, erməni xalqının əlində olub qalanın talanması deməkdir:
"Qəribədir ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da nümayiş təşkilatçılarının əsas məqsədlərinin milli maraqlara xidmət etməkdən tamamilə uzaq olduğunu başa düşüb və xalqa bu barədə xəbərdar edib. Onun sözlərinə görə, Nikol Paşinyanın Ermənistanın bütün bəlalarının günahkarı kimi qiymətləndirilməsi düzgün deyil. Əslinə qalanda təslimçi təkcə Nikol deyil, onunla bərabər Robert Köçəryan, Serj Sarkisyan və Ermənitanın özüdür. Paşinyanın yerinə kim olsaydı, qarşısına qoyulan təslimçilik aktını imzalayacaqdı. Çünki, onlardan əvvəlki prezidentlər addım-addım Ermənistanı təslimçiliyə doğru sürükləmişdilər. Levon Ter-Petrosyan dolayısı ilə Azərbaycanın, onun prezidentinin apardığı xarici siyasət qarşısında aciz qaldıqlarını bildirmək istəyir”.
Ekspert əlavə edib ki, Ermənistanın birinci prezidentinin ölkənin gələcəyinin daha da acınacaqlı olacağı barədə verdiyi proqnozlar da diqqəti cəlb edir:
"Onun dediyinə görə, əgər indiki müxalifət öz addımları ilə xalqı uçuruma apardığını başa düşür və yenə də gərginlik yaratmaqda davam edirsə, deməli onlar milli maraqlara deyil, kənar qüvvələrin maraqlarına xidmət edirlər. Bu kənar qüvvələr isə Köçəryan və Sarkisyanın yenidən siyasi səhnəyə qayıtmaq arzusundan başqa bir şey deyil. Ermənilər də növbəti dəfə bu şəxslərin maraqlarına xidmət etmək istəmir və məhz ona görə də mitinqin təşkilatçıları insanları küçəyə tökməkdə acizdirlər”.
Günay Rəsulqızı
Sfera.az