\"Gürcüstana çatmaq üçün bizdə indikindən 2,5 dəfə çox maşın olmalıdır\" - Natiq Cəfərli

\
2020-ci ilin məlumatlarına görə,  Azərbaycanda hər 1000 nəfərə 126, Gürcüstanda 281, Ermənistanda 167 avtomobil düşür.
 
Sfera.az-ın məlumatına görə, bununla bağlı iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, keçmiş SSRİ respublikaları arasında bu göstəriciyə görə, Azərbaycan 12-ci yerdədir, bizdən sonra isə Türkmənistan, Tacikistan və Özbəkistan gəlir.

Ekspertin sözlərinə görə,  ölkə avtomobil parkının 60%-i 20 yaş və daha köhnə maşınlardır, bu isə qəzalar zamanı ölüm və yaralanma hallarını artırır:

"Köhnə maşınlar ekologiyaya da ciddi zərər vurur. Hökumət isə gömrük rüsumları və vergiləri kəllə-çarxda saxlayaraq ölkəyə yeni, müasir, təhlükəsiz, ekoloji az zərərli maşınların gətirilməsinə məne olur – səbəb kimi də deyirlər ki, guya ölkədə maşın çoxdur, tıxaclar yaranır. Şəhərin baş planı olmadan tikinti meydançasına çevirdilər, neft pulunu betona gömdülər, şəhər infrastrukturunu plansız pis günə qoydular, küçələr dar, körpülər mənasız, alt keçidlər az – bütün bunlar tıxaclara, sıxlığa əsas səbəbdir. Gürcüstana çatmaq üçün bizdə indikindən 2,5 dəfə çox maşın olmalıdır. Belə infrastrukturla maşın sayı hər 1000 nəfərə 300 avtomobilə çatsa, Bakı sadəcə maşın sürülməsi mümkün olmayan şəhərə çevriləcək”.

N.Cəfərli əlavə edib ki, çıxış yollarından biri şəhərin boşaldılmasıdır:

"Universitetlər, bəzi nazirliklər, dövlət idarələri, Ali Məhkəmə, Konstitutsiya Məhkəməsi Bakıdan regionlara, əsasən də işğaldan azad edilmiş bölgələrimizə köçürülməlidir. Digər çıxış yolu isə Bakı Böyük Şəhər Bələdiyyəsinin və seçkili Mer institutunun təsisi, məsuliyyətin və səlahiyyətin təyin edilmişlərdən alınıb seçilmişlərə verilməsidir”.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR