İlham Əliyev və xanımı Şuşada səfərdə olublar

İlham Əliyev və xanımı Şuşada səfərdə olublar
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində də səfərdə olublar.
 
Sfera.az xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma Şuşadakı inzibati binada aparılan son tamamlama və binanın ətrafında həyata keçirilən abadlıq işləri barədə məlumat verilib.
 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində aparılacaq bərpa işləri ilə tanış olublar.
 
Dövlətimizin başçısı və birinci xanım "Shusha Boutique Hotel”də və Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar.
 
Sonra Prezident İlham Əliyev Şuşa şəhərində "Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
 
Daha sonra dövlətimizin başçısı müraciət edib.
 
***
 
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşadakı Şirin su hamamında aparılan bərpa işləri ilə tanış oldular.
 
Prezidentin köməkçisi Anar Ələkbərov məlumat verdi ki, tarixi Şirin su hamamında bərpa işləri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Milli memarlıq ənənələrini özündə əks etdirən hamamın birmərtəbəli binası plan kompozisiyasına görə düzbucaqlı formadadır. Hamam ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısındadır və tarixi görkəmi qorunub saxlanılmaqla bərpa ediləcək.

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri qədim mədəniyyət və memarlıq abidələri ilə zəngindir. Qədim Şuşanın 17 məhəlləsinin hər birində hamam, məscid və bulaq olub. Şəhərin Mərdinli məhəlləsində yerləşən Şirin su hamamı 1880-ci ildə inşa edilib. Vaxtilə şəhərin digər hamamlarında ərazilərdəki şor quyu sularından istifadə olunub. Bu hamam isə Xan qızı Xurşidbanu Natəvanın Şuşaya çəkdirdiyi içməli şirin su ilə təchiz edilib.
 
Məhz buna görə də hamam Şirin su hamamı adlandırılıb. 1986-cı ildə aparılan ölçü işlərindən sonra memar Ədalət Məmmədov tərəfindən hazırlanan layihə üzrə abidədə əsaslı bərpa-təmir işləri görülüb. Şirin su hamamı 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal edilənədək öz təyinatı üzrə fəaliyyət göstərib. İşğal dövründə digər bütün abidələrimiz kimi bu qədim hamam da ermənilər tərəfindən dağıdılıb.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə yaşadığı evin bərpası işləri ilə tanış olublar.
 
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
 
Bildirildi ki, Şuşa şəhərinin mərkəzində, Mərdinli məhəlləsində yerləşən bina ilkin görkəmini 80 faizə qədər itirib. Binanın qalan hissələrində isə konstruktiv çatlar müşahidə olunur və qəza vəziyyətindədir. Sadıqcanın evində də bərpa işlərini Heydər Əliyev Fondu həyata keçirəcək. Dördbucaqlı plan quruluşu olan ev ikimərtəbəlidir. Bina Şuşaya xas memarlıq üslubunda inşa olunub.
 
Qeyd edək ki, 1846-cı ildə Şuşada anadan olan Sadıqcan Azərbaycanın tanınmış tarzənlərindən biridir. O, tarı təkmilləşdirərək ona cingənə və kök simləri əlavə edib, simlərin sayını 5-dən 11-ə çatdırıb. Sadıqcan ilk dəfə tarı sinədə ifa etməyə başlayıb. Məhz onun təkmilləşdirdiyi Azərbaycan tarı Qafqazda və Orta Asiyada geniş yayılaraq milli musiqimizin rəmzinə çevrilib. Sadıqcan, eyni zamanda, istedadlı bəstəkar idi. O, "Orta Segah” və "Bayatı-Şiraz” muğamlarına bir neçə rəng bəstələyib.

***
 
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Mehmandarovların malikanə kompleksində aparılan bərpa işlərinin hazırkı mərhələsi ilə tanış olublar.
 
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
 
Bildirildi ki, Şuşada Mehmandarovların malikanə kompleksində də Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işləri davam edir.
İşğal dövründə ciddi ziyan dəyən, ermənilər tərəfindən dağıntılara məruz qalan malikanə kompleksində mütəxəssislər qiymətləndirmə işləri aparıb, bunun əsasında bərpa prosesi icra olunur. Kompleksə məscid, kiçik və böyük yaşayış evləri daxildir. Ötən müddətdə evin dam örtüyü orijinala uyğun quraşdırılıb, binanın tökülmüş bütün daşları, eyvanları, həmçinin kompleksə daxil olan məscidin uçmuş günbəzləri, damı və mehrabı bərpa edilib. Hazırda digər bərpa işləri aparılır.
 
Kompleksin həyətində bulağın bərpası yekunlaşıb, landşaft işlərinə hazırlıq görülür.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşaya səfər çərçivəsində "Shusha Boutique Hotel”in yerləşəcəyi ərazidə olublar.
 
Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma burada aparılan təmir-bərpa işləri haqqında məlumat verdi.
 
Qeyd edildi ki, Şuşanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq buna uyğun infrastruktur yaradılır. Butik otel şəhərin Köçərli küçəsindəki binada yerləşəcək. Müasir səviyyəyə çatdırılacaq oteldə Şuşa şəhərinə səfər edəcək ziyarətçilərin rahatlığı üçün şərait yaradılacaq. Burada 13 otaq və kiçik restoran qonaqların ixtiyarına veriləcək.
 
Xatırladaq ki, işğaldan azad olunan kimi dərhal bərpa və yenidənqurma işlərinin aparılmasına başlanılan Şuşada qısa zamanda böyük quruculuq işləri görülüb. Mədəniyyət paytaxtımızda çoxsaylı tədbirlərin keçiriləcəyi, bu şəhərin keçmişdə olduğu kimi, indi də turistlərin istirahət üçün seçdikləri sevimli məkanlardan biri olacağı nəzərə alınaraq burada lazımi infrastrukturun yaradılmasına, o cümlədən otellərin inşasına xüsusi diqqət göstərilir.
 
Onu da bildirək ki, ötən ilin mayında Şuşada "Xarıbülbül” otelinin, həmin otelin nəzdindəki 48 mənzilli korpus və kotteclərin, avqustda isə "Qarabağ” otelinin yenidənqurmadan sonra açılışı olub.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar.
 
Təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma görüləcək işlər barədə məlumat verdi.
 
Fəaliyyətə 1881-ci il sentyabrın 20-də başlayan Şuşa Realnı Məktəbi həm tədrisi, təhsil ənənələri, həm də yetişdirdiyi görkəmli şəxsiyyətlərlə bütün Cənubi Qafqazda seçilən təhsil ocaqlarından biri idi. Əvvəlcə 6 sinifdən ibarət olan və 159 şagirdi qəbul edən məktəbin Haşım bəy Vəzirov, Mirzə Salah bəy Zöhrabbəyov, Yusuf bəy Məlikhaqnəzərov kimi pedaqoqları, İsmayıl bəy Səfibəyov, Əbdürrəhman bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Cabbar bəy Vəlibəyov, Xudadat bəy Məlik-Aslanov, Cavad bəy Məlik-Yeqanov, Rüstəm bəy Axundov, Əhməd bəy Ağaoğlu, Soltan bəy Vəlibəyov, Xan Şuşinski kimi parlaq yetirmələri olub.
 
Qeyd edək ki, xalqın maariflənməsi, elmə yiyələnməsi işində müstəsna xidmətləri olan Şuşa Realnı Məktəbinin binasında sonradan bir sıra digər təhsil müəssisələri fəaliyyət göstərib. Şuşa şəhəri 1992-ci ilin mayında işğal edildikdən sonra bir çox tarixi yerlərlə bərabər bu məktəb də erməni vandalları tərəfindən yandırılaraq xarabazara çevrilib.
 
***
 
Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa şəhərində "Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

"Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlətimizin başçısına idarəetmə mərkəzində yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, Şuşada Rəqəmsal İdarəetmə Mərkəzinin istifadəyə verilməsi şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli hadisədir. Ənənəvi üçpilləli 35/10-6/0,4kV-luq paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4kV-luq şəbəkələrlə əvəz edilib.
 
Yeni şəbəkənin istifadəyə verilməsi ilə ənənəvi 35/10 kV-luq yarımstansiyaların və 10 kV-luq elektrik verilişi xətlərinin tikintisi, saxlanma və istismar xərcləri aradan qaldırılacaq, texnoloji itkilər minimuma endirilməklə, ətraf mühit və canlı orqanizmlərə elektromaqnit sahə şüalanmasının mənfi təsiri azaldılacaq, xidmət heyəti və texniki nəqliyyat vasitələri ixtisar ediləcək, xidmətin keyfiyyəti yaxşılaşdırılacaq. Bununla yanaşı, 110/35/0,4 kV-luq şəbəkələri tam əhatə edən müasir SK-11 SCADA dispetçer idarəetmə sisteminin tətbiqi ilə şəbəkənin idarəetmə imkanları genişlənir. İlk dəfə olaraq SK-11 SCADA dispetçer idarəetmə sistemi ilə müasir rəqəmsal şəbəkə modelində aşağı gərginlik (0,4 kV) dövrələrini son istehlakçıyadək nəzarətdə saxlamaq mümkün olur.
Əvvəllər paylayıcı şəbəkələrdə dispetçer idarəetmə sistemi yalnız yüksək gərginlikli xətləri əhatə edirdisə, hazırda bu imkanlar daha da genişləndirilib.
 
Nəticədə elektrik enerjisinin alış nöqtəsindən abonent sayğacınadək idarə olunması, enerji balansı, keyfiyyəti, fasiləsiz çatdırılması, qəza hallarında avtomatik bərpa edilməsi, elektroenergetika sənədləşmə sahəsində ilk dəfə olaraq kağız daşıyıcılarından elektron jurnala keçidlə şəbəkələr haqda məlumatların qeydiyyatının aparılması və arxivləşdirilməsi yeni SK-11 sistemi üzərindən idarə edilərək tam nəzarətdə saxlanılır.

İlk dəfə Şuşada tətbiq edilən 35/0,4 kV-luq şəbəkələrin Rəqəmsal İdarəetmə Mərkəzi digər yarımstansiyalarla dairəvi əlaqələndirilmə imkanlarına malik olub Şuşa şəhərinin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatını təmin edir.

Elektroenergetika sahəsində ilk dəfə olaraq, Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində yarımstansiyanın qəza hallarında enerji təchizatının təmin edilməsi və yarımstansiyanın xüsusi sərfiyyat tələbatının kompensasiyası üçün alternativ və bərpaolunan enerji mənbəyindən istifadə tətbiq edilib, texniki-iqtisadi göstəricilər yüksəldilib, avadanlıqların fasiləsiz qidalandırılması təmin olunub.

Prezident İlham Əliyev "Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə saldı.

Şuşa şəhərinin Rəqəmsal İdarəetmə Mərkəzindən Bakı şəhərində yerləşən 110/35/10 kV-luq yarımstansiyanın bilavasitə işə salınması, şəbəkə idarəetmə sistemində aparılmış innovativ – təşkilati yenidənqurma işləri nəticəsində mümkün olub.

Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1