Bahalaşma dalğasına qarşı sərt maliyyə siyasəti - Mərkəzi Bank faizləri artırmadı...

Bahalaşma dalğasına qarşı sərt maliyyə siyasəti - Mərkəzi Bank faizləri artırmadı...
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsini sabit saxlamaq haqqında qərar qəbul edib. Qərara əsasən uçot dərəcəsi 7,75 səviyyəsində sabit saxlanılacaq.
 
Sfera.az xatırladır ki, Azərbaycanda ötən ilin sentyabrından uçot dərəcəsi artırılırdı. Bu müddətdə faiz dərəcəsi 6,25-dən 7,75-ə qaldırılıb.
 
Bugünkü toplantıda faizləri sabit saxlaması ondan xəbər verir ki, Mərkəzi Bank ölkəmizdə illik inflyasiya səviyyəsində artım dinamikasının dayanacağını proqnozlaşdırır. Buna görə də böyük ehtimalla Mərkəzi Bank hələ bir müddət faizləri sabit saxlayacaq.
 
Mərkəzi Bank yeni qərarını verən zaman ABŞ mərkəzi bankının (FED) hansı addım atacağını gözləməyi də lazım bilib. Yayılan məlumatlara görə, FED qarşıdakı aylarda faizləri sürətlə artıracaq, eyni zamanda dövriyyədə dollarla olan pul kütləsini azaldacaq. Bu tədbirlər dolları bahalaşdıracağından proqnozlaşdırılır ki, dünyada məhsulların dəyəri düşəcək, inflyasiya tempi zəifləyəcək və qlobal səviyyədə qiymət artımlarında baş verəcək zəifləmə istər-istəməz Azərbaycana da sirayət edəcək.
 
Lakin onu da unutmayaq ki, yüksək inflyasiya ehtimalı hələ aradan qalxmayıb. Çünki Rusiya-Ukrayna müharibəsinin hansı ssenari üzrə inkişaf edəcəyini, bunun əmtəə bazarlarında qiymətlərə necə təsir edəcəyini proqnozlaşdırmaq mümkün deyil. Məsələn, ciddi maliyyə qurumları proqnozlaşdırır ki, əgər Rusiyadan neft idxalı daha tez dayandırılarsa, bu, neftin kəskin şəkildə bahalaşmasına səbəb olacaq. Hətta neft qiymətlərinin 150-180 dollara yüksələcəyi də ehtimal edilir. Bu proqnozlar özünü doğruldarsa, növbəti bahalaşma dalğası ilə üzləşəcəyik.
 
Beləliklə, mövcud siyasi vəziyyət onu göstərir ki, dünya ən azından bu ilin sonuna qədər yüksək qiymətlər şəraitində yaşayacaq və buna uyğun olaraq da mərkəzi banklar sərt maliyyə siyasətini davam etdirəcək.

Vasif
Sfera.az

 

OXŞAR XƏBƏRLƏR