Öz nəsil şəcərəsi barədə məlumat almaq istəyənlər nə etsinlər?

Öz nəsil şəcərəsi barədə məlumat almaq istəyənlər nə etsinlər?
Tiflisdə saxlanılan Çar Rusiyası dövrünə məxsus Azərbaycanın nəsil şəcərəsi ilə bağlı məlumatları haradan öyrənə bilərik? Məlumat üçün haraya müraciət etməliyik? 
 
Bizim.Media-nın mövzu ilə bağlı apardığı ilk araşdırmada məlum olub ki, artıq bu sənədlər Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Gürcüstan hökumətindən alınaraq Bakıya gətirilib.

70 min nüsxədən ibarət bu sənədlər Qafqaz Müsəlmanları İdarəsinin ofisində saxlanılır. Bu barədə məlumatı isə tarixçi alim, millət vəkili Anar İsgəndərli verib.
 
Araşdırmanı davam etdirərək bu sənədlərin hansı şəraitdə saxlanılması və ondan necə istifadə etməyin mümkünlüyünü aydınlaşdırmağa çalışdıq. 
 
Qafqaz Müsəlmanları İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Rəhimə Dadaşova faktın doğruluğunu təsdiqləyərək həmin illərə aid sənədlərin əslinin deyil, surətinin hal-hazırda Qafqaz Müsəlmanları İdarəsində saxlanıldığını bildirib.
 
"İdarəmizin tarixinin yazılması məqsədilə şeyx həzrətlərinin təşəbbüsü əsasında həmən sənədlərin sürəti Azərbaycana gətirilib”.
 
Qafqaz Müsəlmanları İdarəsinin gələn il 200 yaşı tamam olduğunu vurğulayan mətbuat xidmətinin rəhbəri əlavə edib ki, iki əsrə malik idarənin tarixinin araşdırılması baxımından bu sənədlərin ölkəmizə gətirilməsi çox vacib idi: 
 
"Çar Rusiyasının apardığı siyasət nəticəsində həmən sənədlər uzun illər ölkəmizdən kənarda, Gürcüstanda saxlanılırdı. Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi Qafqazın tarixi və dini mərkəzi olduğu üçün Gürcüstana müraciət etdi və şeyxin səyləri nəticəsində həmən sənədlərin surətləri idarəmizə gətirildi”.
 
Hazırda o sənədlər də daxil olmaqla, idarənin bütün sənədlərinin elektronlaşdırıldığını bildirən mətbuat katibi əlavə edib ki, elektronlaşdırmaqda məqsəd istifadənin asanlaşdırılmasıdır.
 
"Sənədlər tam olaraq elektronlaşdırıldıqdan sonra Milli Arxiv İdarəsi ilə yaradılan əlaqələr sayəsində sənədlər onların istifadəsi üçün də əlçatan ola bilər. Lakin elektronlaşma hələ tam olaraq başa çatmayıb”.
 
Sənədlərdən istifadəyə gəlincə, Rəhimə Dadaşova bildirib ki, öz nəsil şəcərəsi barədə məlumat almaq, eləcə də elmi araşdırmalar məqsədilə həmin sənədlərdən istifadə etmək istəyən şəxslər bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədrinin adına ərizə ilə müraciət etməlidirlər:
 
"Müvafiq icazədən sonra sənədlərlə tanış olmaq olar. İdarənin məramı da məhz vətəndaşlara xidmətdən ibarətdir”, - deyə o, fikirlərini yekunlaşdırıb.
 

OXŞAR XƏBƏRLƏR