Avropa bu tarixdə rus qazından imtina edəcək - Aİ üzvündən AÇIQLAMA

Media
13:08 / 26.04.2022
1507
Avropa İttifaqının (Aİ) İqtisadiyyat Komissiyasının üzvü Paolo Gentiloni bəyan edib ki, Aİ 2027-ci ilin sonunda Rusiya neft və qazından asılılıqdan qurtulmağı hədəfləyir.
Sfera.az "Bloomberg”ə istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı işğal əməliyyatı davam edərkən, Avropanın Rusiya enerji resurslarından asılılığı gündəmdə qalır. Aİ üzvü "Il Messaggero” qəzetinə verdiyi açıqlamada, Avropa İttifaqının ilin sonuna qədər Rusiya neft və qazından asılılığını 33 faiz azaltmağı və 2027-ci ilin sonuna qədər bu asılılıqdan tamamilə qurtulmağı hədəflədiyini açıqlayıb.
Gentiloni həmçinin söyləyib ki, Aİ 2022-ci il üçün əvvəlki artım proqnozlarını aşağıya doğru yenidən nəzərdən keçirə bilər: "Avropa İttifaqı yaz müddətli proqnozlarını mayın 16-da dərc edəcək”.
Aİ rəsmiləri Rusiyanın enerjisindən asılılığını azaltmağa çalışarkən, Ukrayna tərəfdən Rusiya neftinə dərhal embarqo qoyulması çağırışları davam edir.
Ukraynanın xarici işlər naziri Dimitro Kuleba Aİ-ni Rusiya neftinə real embarqo qoymağa çağırıb. "Tvitter” hesabından açıqlamalar verən Kuleba, Rusiyanın sanksiyalardan yan keçməyə çalışdığını, rus neftini ehtiva edən hər hansı bir portfelin 100 faiz rus nefti kimi qəbul edilməsi lazım olduğunu bildirib.
Vasif
Sfera.az