Rubl davamlı bahalaşır - Sanksiyalar fayda vermir?

Rubl davamlı bahalaşır - Sanksiyalar fayda vermir?
Sanksiyalardan sonra ilk günlərdə sürətlə dəyər itirən rus rublu son 20 gündə davamlı bahalaşır.

Sfera.az xəbər verir ki, sanksiyaların tətbiqindən sonra dollar rubla nisbətən ardıcıl 2 həftə yüksəldi. Fevralın 16-da 1 dollar 75 rubl olduğu halda, fevralın 24-də 84 rubla, martın 7-də 153 rubla yüksəlmişdi.

Dolların bahalaşması müşahidə edildiyi ilk gündən Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 9,5 faizdən 20 faizə qaldırdı. İlk vaxtlarda bu tədbir səmərə verməsə də ardınca kommersiya banklarına xarici valyutada satışları 6 ay müddətinə dondurmaq tapşırığı ölkədə süni dollar qıtlığı yaratdı.

Daxili tədbirlər hesabına dollar satışının minimuma endirilməsi rublun bahalaşmasına şərait yaratdı və artıq 20 gündür ki, rublun məzənnəsi yüksəlir. Hazırda 1 dollar 84 rubla dəyişdirilir.

Müqayisə göstərir ki, 20 gün ərzində Rusiyada dollar rublla müqayisədə 45 faizdən çox ucuzlaşıb. Hazırda rublun məzənnəsi müharibədən əvvəlki məzənnə səviyyəsinə yaxındır.
 
Vasif






OXŞAR XƏBƏRLƏR