Taxtanın qiyməti sürətlə artır – Son bir ildə bahalaşma 30 faizə çatıb

Media
15:50 / 22.03.2022
2259
Bu il Azərbaycanda tikinti materiallarının qiymətində yüksək artım müşahidə edilir.
Sfera.az rəsmi məlumatlara istinadən bildirir ki, 2022-ci ilin fevralında tikinti materiallarının ümumi qiymət səviyyəsi ötən ilin fevralına nisbətən 14 faiz artıb.
Bu il tikinti materiallarının qiymətində artımın ikirəqəmli olması daha çox taxta və taxtadan hazırlanan materialların 30-35 faiz bahalaşması ilə bağlıdır.
Məlumatlara əsasən kəsilmiş taxtanın 1 kub. metrinin qiyməti ölkə daxilində ötən ilin fevralında 336 manat olduğu halda 2022-ci ilin fevralında 454 manata yüksəlib. Bir il ərzində taxtanın qiyməti 26 faiz, yəni 118 manat artıb.
Taxtanın bahalaşması taxtadan hazırlanan digər inşaat materiallarının qiymətinə artırıcı təsir göstərib. Belə ki, ağac-yonqar lövhənin 1 kv.m-nin qiyməti 9,15 manatdan 14,15 manata (35,4 faiz bahalaşma), parketin qiyməti 21,7 manatdan 33,5 manata (35,3 faiz bahalaşma), ağaс-lifli lövhənin 1 kv.m-nin qiyməti 10,2 manatdan 15,14 manata (32,7 faiz bahalaşma) yüksəlib.
Digər tikinti materiallarının heç birinin qiymətində belə yüksək artım baş verməyib. Yalnız polietilen su borusunun (16 faiz), alçipanın (14,4 faiz), lambrinin (12,7 faiz), lak və boyaların (10-11 faiz) qiymətlərində ikirəqəmli artım qeydə alınıb.
Əsas tikinti materiallarından yalnız kərpic ucuzlaşıb (2,6 faiz), plastik pəncərənin və diar alçısının qiyməti isə sabit qalıb.
Vasif