Rusiyada müharibə əleyhinə çıxan azərbaycanlı müəllim işini itirib – BBC

Media
12:00 / 22.03.2022
1343
Rusiyada müharibə əleyhinə fikir səsləndirən, çağırışlar edən şəxslər dövlət qurumları tərəfindən sıxışdırılır. Bəzi hallarda isə təzyiq iş yerinin itirilməsinə qədər davam edir.
Sfera.az BBC-nin araşdırmasına istinadən xəbər verir ki, bununla bağlı çoxsaylı faktlar var. Belə halla üzləşənlər arasında hətta soydaşlarımız da olub.
BBC-nin məlumatına əsasən, Rusiyada yaşayan 28 yaşlı coğrafiya müəllimi Kamran Manaflı "İnstaqram” səhifəsində müharibə əleyhinə status paylaşdığına görə işini itirib. BBC-yə danışan Manaflı hadisənin necə baş verdiyini izah edib: "Mən dövlət təbliğatının əksinə getmək istəmirəm. Amma mənim də öz fikrim var! Bir çox müəllim də belə düşünür. Bizim düşüncəmiz dövlətin fikri ilə eyni deyil".

K.Manaflı deyib ki, onu bu cür status yazmağa işlədiyi orta məktəbdə keçirilən iclasda verilən tapşırıq məcbur edib. Həmin iclasda direktor ona və həmkarlarına öz şagirdləri ilə Ukraynadakı vəziyyətlə bağlı necə danışmaq, hökumətin mövqeyindən kənara çıxmamaq barədə tapşırıq verib.
Manaflı statusu yazandan iki saat sonra ona məktəbin direktor zəng edib: "Direktor məndən statusu dərhal silməyi və ya işdən çıxmaq haqqında ərizə yazmağı istədi. Mən onu silmək istəmədiyimi dedim və buna görə də işdən azad olmaq haqqında qərar verdim."
Manaflı BBC-yə bildirib ki, iki gündən sonra ona işdən azad edilmə səbəbini deyiblər. Məktəb rəhbərliyi müəllimə "əxlaqsız davranış”a görə işdən çıxarıldığı haqqında məlumat verib.
BBC qeyd edir ki, fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra minlərlə ölkə vətəndaşı "xüsusi hərbi əməliyyata” qarşı olduqlarını bildiriblər, petisiya imzalayaraq, sosial şəbəkələrdə paylaşımlar edərək və ya müharibə əleyhinə küçə etirazlarına qoşulublar: "Bu cür davrananlara dövlətin cavabı sərt olub. Minlərlə etirazçı həbs edilib və Rusiya ordusu haqqında "saxta" məlumat yaymağa görə 15 ilə qədər həbs cəzası ilə cəzalandıran yeni qanunun tətbiqinə başlanılıb”.

Müharibə əleyhinə fikirlərinə görə işdən azad edilənlər arasında başqaları da var. BBC yazır ki, "Moskino” kinoteatrlar şəbəkəsində menecer vəzifəsində çalışan Katya Dolinina da bu səbəbdən işini itirib.
O deyib ki, müharibə başlayanda dostları ona hərbi əməliyyata qarşı mədəniyyət sahəsində çalışanların imzası ilə açıq məktub göndərib. Dolinina adını məktuba əlavə etməkdən çəkinməyib: "Mən bu əməliyyatların dərhal dayandırılması, bunun yaxşı olmadığı fikri ilə razılaşdım. Məktubu imzaladıqdan az sonra müdürdən mənə zəng gəldi. Məndən tələb edildi ki, ya adımı məktubdan sildirməliyəm, ya da istefa verməliyəm. Tələblərdən ikincisini seçdim və işdən çıxdım”.
"İnstaqram”da iki milyondan çox izləyicisi olan pediatr Anna Levadnaya da mövqeyinə görə işini itirib. Ukrayna ilə müharibə başlayanda o, xaricdə tətildə idi. Həmin gün o, "İnstaqram”da sülh göyərçininin təsviri ilə birlikdə təyyarənin pəncərəsinin fotoşəkilini yerləşdirib və "Mən aqressiyanı seçməmişəm" deyə yazıb.
Hələ də xaricdə olan Levadnaya həkim həmkarlarından eşidib ki, tibb mərkəzinin direktoru səhər konfransında onun müharibə əleyhinə şərhlərini tənqid edib. Direktor bildirib ki, hökumətin məqsədlərinə dəstək verməyən şəxs dövlət qurumunda işləməməlidir.
BBC-nin məlumatına görə, tezliklə ona istefa ərizəsi yazmaq tapşırılıb və o, bununla razılaşıb.
Vasif