ABŞ faizləri artırdı, amma dollar bahalaşmadı - SƏBƏBLƏR

ABŞ faizləri artırdı, amma dollar bahalaşmadı - SƏBƏBLƏR
Gözlənildiyi kimi, ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsinin artırılması haqqında qərar qəbul etdi. Qərara əsasən uçot dərəcəsi 0,25 bənd artırılaraq 0-0,25 həddindən 0,25-0,5 səviyyəsinə çatdırıldı.
 
Lakin maraqlıdır ki, faizlərin artırılmasından sonra dollar bahalaşmaq əvəzinə bir qədər də ucuzlaşdı.
 
Bunun səbəbi nədir? FES-in qərarı hansı dəyişiklik yaradacaq?
 
Sfera.az bildirir ki, bir qayda olaraq FES gözlənilməz qərarlar vermir. Faiz dərəcələrinin artırılacağı və ya azaldılacağını qurum rəsmiləri öncədən xəbərdar edir. Xəbərdarlığa uyğun olaraq birjalarda indekslər dəyişir, dolların kursu müəyyənləşir.
 
Son qərardan öncə də FES faizlərin artırılacağına dair birjalara ismarış göndərib. Buna görə də 2022-ci ilin fevralın əvvəlindən faizlərin yeni səviyyəsinə uyğun olaraq Dollar İndeksi yüksəlib. Fevralın əvvəlində 95 olan indeks martın 7-də 99,2 həddinə çatıb. Bir ay ərzində dollar 4,4 faiz bahalaşıb.
 
Birjalar dolların yeni məzənnəsini müəyyənləşdirən zaman faizlərin 0,25 bənd yox, 0,5 bənd artırılacağını proqnozlaşdırırdı. Lakin martın 14-dən sonra bəlli oldu ki, FES faizləri kəskin artırmayacaq. Bu səbəbdən martın 15-dən dollar ucuzlaşır və kursda eniş dinamikası faiz dəyişikliyinin rəsmi təsdiqindən sonra da davam edir. Hazırda indeks 98,3 səviyyəsinə düşüb.
 
Amma dolların çox ucuzlaşması baş verməyəcək. Çünki FES martın sonundan monetar genişləndirmə, yəni bazara əlavə dolların buraxılışını da dayandıracaq. FES ABŞ-də hər ay 120 milyard dollar dəyərində ipoteka və dövlət istiqrazları almaqla dövriyyədə olan pulun həcmini artırmışdı. Pulun həcminin artması həm ABŞ-də, həm də dünyada inflyasiya səviyyəsinin yüksəlməsini gücləndirdi.
 
Martdan sonra proses əksinə gedəcək, FES əlində olan qiymətli kağızları satmaqla dövriyyədəki pulun həcmini azaldacaq. Bununla da pul bolluğunun qarşısı alınacaq.
 
Məlumatlara görə FES 2022-ci ildə daha 4-5 dəfə faizi artıracaq və faiz artımlarından sonra uçot dərəcəsi 2-2,25 həddinə çatacaq. Bu halda dolların daha çox bahalaşması ehtimalı var. Faiz qərarları ilə əlaqədar indeksin 105 həddinə çatacağı təxmini güclüdür.
 
Əgər gözlənildiyi kimi dollar bahalaşarsa, dünyanda məhsulların qiyməti bir qədər ucuzlaşacaq.

Faiz artımlarının digər təsiri dollarla alınan borcların bahalaşması şəklində olacaq. Dollarla dəyişən faizlə borc alan şirkət və dövlətlər daha yüksək faizlə borc qaytaracaqlar. Bu baxımdan Azərbaycanın da xərcləri artacaq.
 
Lakin Azərbaycanın xarici borclarında dəyişən faizlə alınan borclar azlıq təşkil edir. Bununla əlaqədar faizlərin artmasının ölkəmizin borc yükünü nəzərəçarpacaq dərəcədə artırmayacaq.
 
Nəhayət, faizlərin artması ABŞ qiymətli kağızlarını bahalaşdırdığından bu ölkənin iqtiqrazlarına, borc kağızlarına investisiya qoyuluşu da artacaq, dünyada sərmayə qıtlığı yaranacaq.
 
Vasif

OXŞAR XƏBƏRLƏR