"Çin "axşam bazarı"nı seçməyəcək" - Rusiya-ABŞ mübarizəsində YENİ MƏRHƏLƏ

Media
11:58 / 14.03.2022
982
"Financial Times"ın ABŞ rəsmi mənbələrinə istinadən məlumatına görə, Rusiya Çindən hərbi texnika və digər yardımlar istəyib.
Digər tərəfdən, bu gün Romada ABŞ milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Çin Kommunist Partiyasının xarici siyasət məsələləri üzrə nümayəndəsi ilə görüş keçirəcək.
Maraqlıdır, Çin Rusiyadan tamamilə imtina edə biləcəkmi? ABŞ-la Çinin iş birliyi mümkündürmü?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə xatırladıb ki, Rusiya ilə Ukrayna arasında davam edən böhran Rusiyanın işğal faktoru, həmçinin geopolitik qarşıdurmadır:
"Göründüyü kimi, Rusiya Ukraynada öz hərbi arsenalını ciddi şəkildə itirir və buna görə Çinə müraciət edib. Hesab edirəm ki, Çin beynəlxalq təzyiqlərdən, iqtisadi sanksiyalardan çəkinərək Rusiyaya hərbi-texniki dəstək göstərməyəcək. Çin də Rusiyanın Ukraynanı işğalında maraqlı deyil. ABŞ milli təhlükəsizlik müşavirinin Çin rəsmisi ilə görüşündə bu məsələlər ətrafında geniş müzakirələr aparılacaq”.
Müsahibimiz bildirib ki, Çin Rusiyanın düşdüyü durumla üzləşmək istəmir və iqtisadi sanksiyaların tətbiq olunmasını gözardı edə bilməz:
"Bu baxımdan Rusiyanın xahişi yerinə yetirilməyəcək. Çin Rusiyaya hərbi-texniki yardım etsə, bu da Çinin işğal faktorunda iştirak etməsi deməkdir, bu isə beynəlxalq böhrana gətirib çıxara bilər. Ona görə də Çin bu məsələdə ABŞ-la əməkdaşlıq edəcək”.
Siyasi şərhçi Şahin Cəfərli isə deyib ki, son illər ABŞ Çini bir saylı strateji rəqib elan etdikdən sonra Çinə qarşı mübarizədə Rusiya ilə ittifaq yaradılması ideyası ABŞ düşüncə mərkəzlərində, mediasında və siyasi çevrələrində xeyli populyar idi:
"Bayden gəldikdən sonra bu yöndə praktik cəhdlər də göstərdi, Moskvaya yüksək səviyyəli emissarlar göndərdi, lakin anlaşma baş tutmadı. İndi təkrar strateji səviyyədə Vaşinqton-Pekin istiləşməsi ehtimalı yüksək olmasa da, ən azından Çinin Ukrayna və sanksiyalar məsələsində neytrallığına nail olmaq və onunla bu sahədə situativ iş birliyi mümkündür”.
Ş.Cəfərli deyib ki, ABŞ Çinin ən iri ticarət tərəfdaşı olaraq qalır:
"İki ölkə arasında ticarət dövriyyəsinin həcmi ötən il 755 milyard dollar təşkil edib ki, bunun 576 milyardı Çinin ABŞ-a ixracıdır. Eyni dövrdə Rusiya-Çin ticarət həcmi 146 milyard dollar olub, Çinin Rusiyaya ixracı cəmi 67 milyard dollar təşkil edib. Yəni bir tərəfdə 576 milyard dollarlıq nəhəng və müasir bazar, digər tərəfdə isə 67 milyard dollarlıq "axşam bazarı". Seçim Çinindir”.
Günay Rəsulqızı
Sfera.az