Kremlin qarşılaşdığı PROBLEMLƏR - Sanksiyalar Rusiyanı bu ölkəyə möhtac etdi

14:30 / 07.03.2022
1081
"Rusiyanın Ukraynaya hücumu, bombardmanlar, müharibənin uzanması dünya iqtisadiyyatını silkələyir. Rusiya bu günə qədər gəlirinin təxminən yarısını neft və qaz satışından əldə edirdi. Qərb ölkələri Rusiyadan neft və qazın alışını azaltmaq və tamamilə durdurmaq planlarını hazırlayırlar”.
Sfera.az bildirir ki, bunu Rusiya-Ukrayna müharibəsi fonunda Kremlin qarşılaşdığı iqtisadi böhranla bağlı danışarkən politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Rusiyaya sanksiyalar davam edərsə, neftin qiymətini aşağı salmaq çətin olacaq.
"ABŞ dövlət katibi Entoni Blinken jurnalistlərdən birinin sualına cavab verərkən Rusiyadan neft alışının dayandırılması üzərində çalışdıqlarını bildirib. Bu açıqlamadan sonra neftin bir barelinin qiyməti 130 dollara qədər artıb. Bu, 2012-ci ildən bu yana neftin bir barelinin ən yüksək qiymətidir. ABŞ öz rezervlərindən dünya bazarına daha çox neft çıxarmağı planlaşdırır. Söhbət əlavə 30 milyon bareldən gedir. Ancaq müharibə və Rusiya neftinə embarqo davam edərsə neftin qiymətini aşağı salmaq çətin olacaq".
Ekspert bildirib ki, Rusiya ümidini yenə Çinə yönəldib.
"Bu ilin ilk iki ayında Rusiya ilə Çin arasındakı ticarətin həcmi 26 milyard dollardan çox olub. Bu ötən ilin eyni iki ayı ilə müqayisədə 38 faiz çoxdur. Ümumilikdə, 2021-ci ildə iki ölkə arasında ticarət mübadiləsinin həcmi 149 milyard dollara yaxın idi. Bu gedişlə bu il ticarət mübadiləsinin həcmi 200 milyard dollara çata bilər. Rusiya Avropaya sata bilməyəcəyi nə varsa, Çinə satmağa çalışacaq. Ancaq Çin hər məhsulu almağa maraq göstərməyəcək. Çinin özü dünya ölkələrinə müxtəlif mallar satır. Rusiya neft satışında problemlərlə üzləşdikdə neftini Çinə daha ucuz qiymətə satmağa çalışacaq. Qiyməti Pekin diktə edəcək”.
Turan Rzayev