Azərbaycanda vəzifəli şəxslər barəsində CİNAYƏT İŞİ AÇILDI
Bu barədə İqtisadiyyat Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Araşdırmalar zamanı Ukraynadan Azərbaycan Respublikasına dondurulmuş toyuq əti məhsulları gətirilməsi ilə məşğul olan "OMEQA” MMC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək malların qiymətini süni yolla artırmaq məqsədilə ölkəyə tərkibində nəmliyinin kütlə payı normadan 7 dəfə artıq olan Ukrayna istehsalı olan "Katkut” markalı dondurulmuş toyuq əti məhsulları idxal edərək malın çəkisinə və keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1-ci (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.