"OPEC+" alyansında Rusiyaya görə fikir ayrılıqları yaranır: Razılaşma pozula bilər

14:46 / 28.02.2022
739
Rusiya hazırda ən böyük gəlirini xam neft və neft məhsullarının ixracından əldə edir. Ukrayna ilə bağlı yaranan gərginlik fonunda neft qiymətlərinin yüksəlməsi Rusiyanın "əlindən tutur”.
Sfera.az bildirir ki, neft qiymətlərinin yüksəlməsində "OPEC+" razılaşmasının böyük rolu var. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra "OPEC+" razılaşmasının davam edib-etməyəcəyi sual doğurur. Çünki razılaşmaya qoşulan dövlətlərin bəziləri ABŞ-ın müttəfiqləridir.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Sfera.az saytına açıqlamasında bildirdi ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra "OPEC+" alyansının dağılması realdır.
Z.Vəliyev xatırlatdı ki, "OPEC+"un yaradılması ilə bağlı Vyana razılaşmasında 2 aparıcı dövlət iştirak edib və həmin dövlətlərdən biri ABŞ-ın müttəfiqidir:
"Rusiyanın və Səudiyyə Ərəbistanı "OPEC+" daxilində əsas ölkələrdir. Səudiyyə Ərəbistanının qərarlarını isə Birləşmiş Ərəb Əmirliyi və Küveyt daim dəstəkləyir. "OPEC+" razılamasına qatılan ölkələrdə Rusiyanın da tərəfdarları var. Onlardan ən güclüsü Qazaxıstandır”.
Ekspert düşünür ki, Ukraynaya hərbi müdaxilə səbəbindən qarşıdakı günlərdə "OPEC+" alyansında fikir ayrılığı yarana bilər:
"Son 10 ildə Putin hakimiyyətinin yürütdüyü strateji siyasət Qərb ölkələrinin, eyni zamanda onların müttəfiqi olan ABŞ-ın Yaxın Şərqdəki mövqelərinə mənfi təsir göstərib. Yaxın Şərq ölkələrindən Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirliyi, Misir kimi dövlətlər Rusiya ilə həm iqtisadi, həm də hərbi-strateji sahədə əməkdaşlıq imkanlarını daha da genişləndirib.
Bütün dünyanın Rusiyaya sanksiya tətbiq etdiyi şəraitdə Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmir Ərəb Əmirliyi kənarda qala bilməz, onlar da mövqe sərgiləməlidirlər. Onlar da Qərb ölkələri kimi hərəkət etsələr "OPEC+" alyansında müəyyən çatlar əmələ gələ bilər. Elə vəziyyət yaranıb ki, bütün dövlətlər açıq mövqeyini ortaya qoymalıdır.
Hesab edirəm ki, Yaxın Şərq ölkələri də Rusiyanın Ukraynaya hərbi müdaxiləsini qınamalıdırlar”.
Z.Vəliyev dedi ki, martın 2-də "OPEC+" alyansının növbəti toplantısı olacaq. Onun fikrincə, bu toplantıya qədər OPEC-in Birləşmiş Texniki Komitəsi qarşıdakı aylarda hasilat siyasəti ilə bağlı təkmil bir sənəd ortaya qoymalıdır və Rusiya ilə münasibətə aydınlıq gətirməlidir. Əgər bu baş verərsə, Rusiyanın "OPEC+" alyansıda iştirakı sual altına düşəcək”.
Amma neft bazarlarında artan tələbatı da ödəmək lazımdır. Z.Vəliyev hesab edir ki, buna görə də enerji sektorunda sanksiya tətbiq edən zaman müvafiq şərtlər formalaşdırılmalıdır:
""OPEC+" Rusiyanın davranışlarına qarşı mövqe sərgiləməklə yanaşı artan tələbat qarşılığında davamlı və dayanıqlı neft təchizatı məsələsini nəzərdən keçirməlidir. Çünki hazırda hasilatı artırmaq üçün ehtiyat güclər yüksək səviyyədə deyil. Əsas əlavə hasilat gücləri Səudiyyə Ərəbistanında və Birləşmiş Ərəb Əmirliyindədir. Qərbə yaxın olmayan ölkələr arasında isə Venesualla və İranda da hasilat gücləri böyükdür. Yəqin ki, İranla nüvə proqramı ilə bağlı aparılan danışıqlarda müsbət nəticələr olacaq və qlobal neft bazarlarında tarazlığında təmin etmək üçün İran neftinin ixracına qoyulan məhdudiyyətlər yumşaldılacaq”.
Vasif
Sfera.az