Kremldə cızılan təhlükəli “Türküstan ssenarisi” – KTMT taciklərin əli ilə Fərqanə vadisinə girməyə çalışır

Kremldə cızılan təhlükəli “Türküstan ssenarisi” – KTMT taciklərin əli ilə Fərqanə vadisinə girməyə çalışır
Qırğızıstan-Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib. İlkin məlumatlara görə, dünən saat 17:30-dan 18:00-a qədər Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının əməkdaşları Tərt-Keçə Batken rayonunun ərazisindən keçən Batken-İsfana yolunu birtərəfli qaydada bağlayıblar. Qarşıdurmalar zamanı hər iki tərəfdən ümumilikdə 17 nəfər yaralanıb. Koço-Boyu və Dahma bölgələrində tərəflər arasında toqquşmalar fasilə ilə davam edir. Qırğızıstan tərəfinin atəşkəslə bağlı tələblərinə tacik hərbçilərin məhəl qoymadığı bildirilir.
 
Günahkar kimidir: Tacikistan, yoxsa Qırğızıstan?

Rəsmi məlumatlardan və tərəflərarası itkilərdən məlum olur ki, gərginliyi başladan tərəf Tacikistandır. Statistikaya diqqət yetirək:Tərəflər arasında qarşıdurmalar zamanı ümumilikdə 17 nəfər yaralanıb. Onlardan 11-nin Tacikistan, 6-nın isə Qırğızıstan vətəndaşı olduğu bildirilir. Aydın məsələdir ki, hücum edən, ya da gərginliyi başladan tərəfin itkiləri daha çox olur. Digər bir məsələ də Qırğızıstan tərəfinin atəşkəslə bağlı tələblərinə tacik hərbçilərinin məhəl qoymamasıdır. Göründüyü kimi, Tacikistan tərəfi məqsədli surətdə və öncədən hazırlanmış plan əsasında sərhəddə gərginliyi pozur.
 
Təlimat Kremldən gəlib!

Qırğızıstan-Tacikistan sərhədində baş verənlərin pərdəarxasında Qazaxıstanda olduğu kimi yenə də Rusiya dayanır. Qırğızıstan-Tacikistan sərhədindəki toqquşmaları Kremlin Türküstan tamaşasının ikinci pərdəsi də adlandırmaq olar.


 
Məsələ ondadır ki, Qazaxıstandakı proseslərlə Qırğızstan-Tacikistan sərhədində baş verənlər arasında məntiqi əlaqə var. Belə ki, Kreml Türküstan tamaşasına ilk olaraq Qazaxıstanda başladı. Qazaxıstanda təbii yanacağın qiymətinin iki dəfə artmasından sonra baş verən etirazlar nəticəsində əvvəl Prezident Qasım Jomart Tokayev hökuməti istefaya göndərdi, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verdi, sonda isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istənildi. KTMT-nin Qazaxıstana gəlməsi və Nazarbayevin tərəfdarlarının bir-bir vəzifədən uzaqlaşdırılması ilə Kreml Qazaxıstanda istəyinə nail oldu.


 
Qırğızıstan-Tacikistan sərhədində baş verən toqquşmalarla isə Kreml Türküstan tamaşasının ikinci pərdəsini səhnələşdirir. Qırğızıstan Tacikistan sərhədindəki toqquşmaların Kremlin ssenarisi əsasında baş verdiyini sübut edən digər bir məqam isə Qırğızıstan Sərhəd Xidmətinin yaydığı məlumatdır. Məlumatda qeyd olunur ki, Tacikistan hərbçilərinin sərhəddəki məlum hərəkətləri razılaşdırılıb ki, bu da onların təxribata qabaqcadan hazır olduğunu təsdiqləyir.
 
Məlumatdan da görünür ki, Tacikistan tərəfi bu hücuma öncədən, həm də planlı şəkildə hazırlaşıb. Təlimat isə Kremldən gəlib. Prinsip etibari ilə arxasında güc olmadan Tacikistanın Qırğızıstanla qarşı-qarşıya gəlməyə nə hərbi gücü, nə də iqtisadi potensialı var.
 
Kremlin hədəfi Fərqanə vadisinə nəzarət etməkdir!

Əvvəla onu qeyd edim ki, Tacikistanla Qırğızıstan arasında sərhəd problemi əvvəldən mövcud olub. Delimitasiya və demarkasiya üzrə danışıqlar prosesi 2002-ci ildə intensivləşib, komissiyaların və işçi qrupların 200-ə yaxın iclası keçirilib. Hazırda sərhəd xəttinin 550 km-ə yaxını təsvir edilib. Lakin iki ölkənin sərhədində yerli sakinlər arasında vaxtaşırı münaqişələr yaşanıb ki, bu da tez-tez atışmalarla müşaiyyət olunur. Moskva isə hazırda bundan ustalıqla istifadə edir.
 
Kremlin planını qısa olaraq belə xarakterizə etmək olar:
 
Birincisi, Kreml öncədən silahlandırdığı Tacikistan qoşunlarını Qırğızıstan üzərinə hücuma təhrik edir. Beləcə əvvəldən bəri mövcud olan tacik-qırğız sərhəd münaqişəsi yenidən alovlanır.
 
İkincisi, tərəflər arasında gərginlik bir müddət davam edir. Qarşılıqlı itkilər fonunda rəsmi Moskva KTMT kartını oynayır və tərəfləri atəşkəsə riayyət etməyə çağırır. Bu faktiki olaraq KTMT-nin, əslində isə Kremlin tərəflər arasında gərginliyin getdiyi əsas regiona, Fərqanə vadisinə gəlişinin anonsdur.

Üçüncüsü, Qazaxıstanı tərk edən KTMT qüvvələri Fərqanə vadisinə gəlir, beləcə Kreml Türküstan tamaşasının ikinci pərdəsi başa çatdırır.

 
 
KTMT-nin baş katibi Stanislav Zas artıq Qırğızıstan və Tacikistan sərhədində baş verənlərlə bağlı tərəfləri dərhal atəşkəsə əməl etməyə çağırıb. Zas bildirib ki, sərhəddə yenidən toqquşmaların baş verməsi, yaralıların olması ciddi narahatlıq doğurur: "Tacikistan-Qırğızıstan sərhədində silahlı qarşıdurma dərhal dayandırılmalıdır. Münaqişə müstəsna olaraq danışıqlar masası arxasında sülh yolu ilə həll edilməlidir. KTMT Qırğızıstan və Tacikistana münaqişənin həllində lazımi yardım göstərməyə hazırdır”.
 
Zas əslində tərəflərə KTMT üzvü olduğunu xatırladaraq təşkilatı regiona dəvət etmələrini tələb edir. Kremlin istəyi açıqdır. Mövcud gərginliyin bitməsi üçün KTMT qoşunları Fərqanə vadisinə gəlməli, burada proseslərə nəzarət etməlidir. Fərqanə vadisinin önəmi isə hər kəsə məlumdur. Bu bölgə Özbəkistana yaxınlığı isə onun əhəmiyyətini artırmış olur.
 
Kreml Fərqanə vadisinə nəzarət edərək Türküstan ssenarisinin 3-cü pərdəsinə hazırlıqlar görür. Növbəti hədəf Özbəkistandır. Rəsmi Moskva buna da nail olsa, "arxa bağça”sında tam nəzarəti ələ alacaq və bütün gücünü Ukrayna cəbhəsinə yönəldə biləcək.
 
Turan Rzayev
 
Sehliyali
Turan Bank

OXŞAR XƏBƏRLƏR1