“Əvvəlcə sənədsiz evlər problemi həll edilməlidir, sonra qeydiyyat...” - Vətəndaşlar “hava”da qalacaq?
Gündəm
16:46 / 25.01.2022
1805
Son günlər
polis idarələrində müvəqqəti qeydiyyatda olan vətəndaşların qeydiyyatının ləğv
edilməsi prosesi həyata keçirilir. Bu isə əksər insanlar tərəfindən birmənalı
qarşılanmır.
Belə ki,
yeni qaydanın şəxsiyyət vəsiqəsi alarkən, eləcə də digər məqamalarda müvəqqəti
qeydiyyatda olan şəxslərə problem yaradacağı bildirilir. Maraqlıdır, müvəqqəti
qeydiyyatın ləğv edilməsi hansı zərurətdən yaranıb və bu, doğru qərardırmı? Müvəqqəti
qeydiyyatın ləğvi hansı problemləri yarada bilər və belə olan halda vətəndaşlar
nə etməlidir?
Vəkil
Turan Abdullazadə Sfera.az-a açıqlamasında bu suallara cavab verib:
"Azərbaycan
Respublikasının Konstitusiyasının 28-ci maddəsinin tələbinə görə, hər bir şəxs
Azərbaycan ərazisində müstəqil hərəkət edə, özünə yaşayış yeri seçə bilər. "Yaşayış
yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən,
yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin
yerə gəldikdən sonra 7 gün ərzində ərizə-anket dolduraraq müvafiq dövlət
orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə
qeydiyyata almalıdır. Qeydiyyata almaqdan qanunsuz imtina yolverilməzdir. Əgər
vətəndaş belə hallarla qarşılaşarsa, onun müvafiq qurumlara şikayət etmək
hüququ var. Vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə
qeydiyyatdan çıxarılmadan aparılır. Vətəndaş olduğu yerdən getdikdə müvafiq
icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. "Yaşayış yeri
və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi
haqqında əsasnamədə qeyd olunmuşdur ki,
müvafiq icra hakimiyyəti orqanı vətəndaşı dərhal olduğu yer üzrə
qeydiyyata almalıdır. Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə
qeydiyyata alınmağa borcludurlar.
İnzibati
Xətalar Məcəlləsinə əsasən vətəndaşın bir aydan artıq müddətdə şəxsiyyət vəsiqəsi
olmadan yaşamasına görə- xəbərdarlıq edilir və ya iyirmi manat məbləğində cərimə
edilir. Buradan
da görünür ki, vətəndaşın ölkə ərazisində
qeydiyyatsız və şəxsiyyət vəsiqəsiz yaşaması məsuliyyətə səbəb olur. Buna görə
də qeydiyyatı olmayan vətəndaşlar müvafiq dövlət qurumlarından onların
qeydiyyata alınmasını tələb etməkdə tamamilə haqlıdırlar”.
Müsahibimiz
sənədsiz evlələrlə bağlı proeblemin aradan qaldırılmasından sonra qeydiyyat məsələsinin
də yoluna düşəcəyini deyib:
"Ümumiyyətlə,
Bakıda qeydiyyatsız yaşayanların qeydiyyata düşməsinə mane olan səbəblərdən
biri sənədsiz evlərin çoxluq təşkil etməsidir. Sənədsiz evlərə isə qeydiyyata
düşmək qeyri mümkündür. Məhz bu səbəbdən vətəndaşların bir çoxu qeydiyyat
baxımınından "havada” qalır. Ona görə də
bu məsələ ancaq qanunsuz tikililərin sənədləşdirilməsindən sonra həll oluna bilər.
Əgər şəxs
yaşadığı yerdən qeydiyyatdan çıxıbsa və ya çıxarılıbsa, növbəti yaşayış yeri
yoxdursa, qeydiyyata düşə bilmirsə, sonuncu qeydiyyatda olduğu ərazinin polis
orqanının inzibati binasında qeydiyyata alınmalı və şəxsiyyət vəsiqəsi ilə təmin
olunmalıdır. Əgər vətəndaşlarda bu halla
bağlı müəyyən problemlər yaranarsa, dərhal hüquq-mühafizə orqanlarına və ya məhkəmələrə
müraciət etməlidir. Düşünürəm ki, qanunsuz evlərin tam sənədləşdirilmədiyi təqdirdə
bu məsələnin həlli mümkün olmayacaq. Qanunun tələblərinə zidd olaraq qeydiyyata
almaqdan şifahi və yazılı imtina edilməsindən, eləcə də vətəndaşlardan, vətəndaşlığı
olmayan şəxslərdən, əcnəbilərdən Qanunda nəzərdə tutulmayan sənədlər tələb
olunmasından və ya qeydiyyata alınmasında süründürməçiliyə yol verilməsindən vətəndaşlar,
vətəndaşlığı olmayan şəxslər, əcnəbilər Azərbaycan Respublikasının
qanunvericiliyinə əsasən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.
Əzizə
Zeynal