Bu baş versə, devalvasiya ola bilər - Azərbaycanı gözləyən TƏHLÜKƏ

Bu baş versə, devalvasiya ola bilər - Azərbaycanı gözləyən TƏHLÜKƏ
Rusiya ilə Ukrayna arasında ehtimal edilən müharibə Azərbaycan üçün böyük iqtisadi risklər yaradır. Mümkün qarşıdurma Azərbaycan iqtisadiyyatında birbaşa yox, güclü dolayısı təsirlər yaratdı.
 
Sfera.az xatırladır ki, 2014-cü ildə baş verən ilk qarşıdurmanın nəticələri ağır oldu. Həmin dövrdə Rusiyaya sanksiyalar tətbiq edildi, neft qiymətləri 3 dəfə azalaraq uzun müddət aşağı səviyyədə qaldı və bunun nəticəsində manatın məzənnəsində 2 devalvasiya baş verdi.

Rəsmi Vaşinqton bəyan edib ki, əgər Rusiya növbəti dəfə Ukraynaya hərbi müdaxilə edərsə, sanksiyalar daha ağır olacaq. O cümlədən Rusiya "Swift" sistemindən çıxarılacaq, neft idxalı azaldılacaq, ölkənin aparıcı şirkətlərinin xarici ticarət əməliyyatları çətinləşdiriləcək və s. Bunlar rəsmi məhdudiyyətlərdir. Amma bu tədbirlərlə bərabər yenidən neft qiymətlərinin kəskin endirilməsi və ABŞ dollarının bahalaşdırılması ehtimalı da var.

Bu ehtimallar reallaşarsa, Azərbaycan iqtisadiyyatına böyük zərər dəyəcək. Bizim üçün əsas risk neftin qiyməti və dünyada dolların bahalaşmasıdır.
Neftin qiyməti süni şəkildə endirilərsə, aşağı qiymətlər uzun müddət qorunarsa, eyni zamanda dünyada dollar bahalaşdırılarsa, o halda, devalvasiya ehtimalı güclənəcək.

Çünki ucuz neft və baha dollar Azərbaycanın xarici valyutada olan gəlirlərini xeyli azaldır. Bir qayda olaraq neft ucuz, dollar isə baha olduqda bütün əmtəələrin dəyəri düşür. Belə bir vəziyyətdə Azərbaycanın ixrac həcmi sadəcə neft-qaz sektoru üzrə yox, həm də qeyri neft-qaz sektoru üzrə də kiçilir.
Biz oxşar situasiya ilə 2015-ci ildə rastlaşmışıq. Həmin dövrdə xarici ticarətdə profisit 12,64 milyard dollardan 2,2 milyard dollara qədər gerilədi, tədiyə balansında böyük kəsir yarandı və xaricə valyuta çıxışını azaltmaq üçün devalvasiyadan başqa yol qalmadı.

Ukraynaya hərbi müdaxilənin Azərbaycan üçün yarada biləcəyi digər riskli vəziyyət Rusiyada iqtisadi aktivliyin zəifləməsi olacaq.

Azərbaycanın qeyri neft-qaz sektoru üzrə ixracının 32 faizi Rusiyanın payına düşür. Həmçinin Azərbaycana xaricdən göndərilən pul baratlarının 50 faizdən çoxu Rusiyadan daxil olur. Bu ölkədə çoxlu sayda Azərbaycan vətəndaşı çalışır və onların göndərdiyi pulla ölkəmizdə onminlərlə ailə gündəlik xərclərini ödəyir. Buna görə də Rusiyada iqtisadi çətinlik yarananda Azərbaycanın həm qeyri neft-qaz ixracı kəskin azalır, həm də ölkəmizdə əhalinin maddi vəziyyəti pisləşir. Beləliklə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi bizə yaxşı heç nə vəd etmir.
 
Düzdür, bəzi ehtimallara görə, Rusiyanın "Swift" sistemindən çıxarılması və bu ölkədən neft idxalının azaldılması neftin bahalaşması ehtimalını da yaradır. Ancaq ABŞ və müttəfiqlərinin bu ehtimalın reallaşmasına imkan yaradacağı inandırıcı deyil. Qeyd edilən ehtimalın rellaşması Rusiyanın güclü qalmasına kömək edə bilər ki, bu da ABŞ-ın məqsədlərinə uyğun deyil. Buna görə də yeni hərbi-siyasi gərginlik Azərbaycan üçün əsasən böyük iqtisadi risklər yaradacaq.

Vasif  
Sfera.az


OXŞAR XƏBƏRLƏR