“Donuzdan orqan köçürülməsi haram deyil, meyitlərdən isə...” - Mircəlal Kazımi ilə MÜSAHİBƏ
16:17 / 14.01.2022
4010
1 yanvar
2022-ci ildən etibarən Azərbaycanda meyitlərdən orqan köçürülməsi əməliyyatlarına
başlanılması ilə bağlı qanun qüvvəyə minib. Mövzunun
aktuallığını nəzərə alaraq orqan transplantasiyası ilə bağlı bəzi suallara
aydınlıq gətirməyə çalışdıq.
Sfera.az-ın
suallarını Mərkəzi Gömrük Hospitalının cərrahiyə və orqan transplantasiyasının
şöbə rəisi, tibb üzrə fəlsəfə doktoru, Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə
qaraciyər tranplantasiyası əməliyyatını icra edən və transplantalogiya sahəsidə
milli kadrların hazırlanmasında müstəsna rolu olan Mircəlal Kazımi cavablandırıb:
- Mircəlal bəy, hazırda ölkəmizdə hansı orqanların
transplantasiyası mümkün sayılır?
"Meyitlərdən orqan köçürülməsi 3-6 aydan sonra
mümkün olacaq...”
- Maraqlıdır, indiyə qədər Azərbaycanda
dünyasını dəyişmiş şəxsdən donor kimi istifadə etmisinizmi?
- Elə
qrup var ki, onlar ürək, ağciyər, mədəaltı vəz çatışmazlığından əziyyət çəkir.
Həmin orqanları isə yalnız beyin ölümü keçirmiş şəxslərdən əldə edə bilərik.
Digər tərəfdən qaraciyər və böyrək çatışmazlığından əziyyət çəkib tibbi göstərişlər
əsasında əməliyyata uyğun olmayan əks göstərişli insanlar olur, yəni donor
olmaq həmin insanlarda alınmır. Buna görə də belə insanlara yalnız meyitlərdən
orqan köçürülə bilir. Bu minvalla biz 2008-ci ildə orqan transplantasiyasına
başladıq və bütün dünyada olduğu kimi bizim də tələb və ehtiyaclarımız bəlli
oldu. Bu tələb və ehtiyaclar üzrə meyit orqanları ilə bağlı sistem quruldu. 1999-cu
ildən meyit orqanlarından istifadəyə hər nə qədər icazə verilsə də, qanun bu
günün tələbinə uyğun deyildi. Ona görə də qanun yeniləndi. Yeni qanunun qüvvəyə
minməsi ilə bütün problemlər həll oluna bilməz. Müəyyən məsələlər var ki, təşkilatı
cəhətdən həll olunmalıdır. Belə ki, orqan transplantasiyası kordinatorluğu
yaradılmalı, beyin ölümü diaqnozu qoyan qrup təyin olunmalı, etika komissiyası
yaradılmalıdır ki, bunlar da yaxın gələcəkdə öz həllini tapacaq. Hazırda bu tip
əməliyyat icra olunmayıb və 3-6 aydan da tez icra oluna bilinməyəcək. Bu proses
tək qanun və təbabətlə həll olunmur, gərək insanlar da prosesin icrası üçün dəstək
göstərsinlər.
- Orqan çatışmazlığının əsas səbəbi nədir? Bu mərhələyə
çatmamaq üçün nələrə diqqət yetirmək lazımdır?
- Orqan çatışmazlığına səbəb olan xəstəliklərdə genetik faktor mühüm
rol oynayır. Xəstələrimizin çoxu qohum evliliyindən əziyyət çəkən şəxslərdir.
Müəyyən xəstələrdə isə buna səbəb çevrə olur. Çevrə faktorları içərisində
qidalanma, həyat tərzi ən önəmli məsələlərdən biridir. Məsələn, biz
insanlarımızı Hepatit B əleyhinə peyvəndlənməyə cəlb edə bilmirik. İllərdir ki,
bu peyvənd Azərbaycana gətirilib, hətta doğum evlərində belə vurula bilir,
lakin insanlar buna qoşulmurlar. Hepatit B peyvəndi vurulan şəxslərdə 90 faiz
qoruyuculuq əmələ gəlir və beləliklə qaraciyər sirrozu, qaraciyər xərçəngi də
yaranmır. Üç dəfə Hepatit B peyvəndinin tətbiqi 100 faiz qoruyuculuq təmin
edir. Bundan başqa son zamanlar gənc qızlar və oğlanlar enerji içkilərinə çox
meyil edir. Aşırı dərəcədə alkoloq, tütün, qəlyan, aşırı yağlı qida istifadəsi
var və bunlarla mübarizə aparmaq çətinləşir. Mən 2008-ci ildə ölkəmizə
qayıdanda düşünməzdim ki, bizdə bu qədər alkoqola bağlı qaraciyər sirrozu olan
xanım var.
- Dünya üzrə təcrübə var ki, heyvanlardan da insanlara
orqan nəqli həyata keçirilir. Hətta bir neçə gün öncə geni dəyişdirilmiş
donuzdan insana ürək də köçürüldü. Sizcə, belə əməliyyatlar Azərbaycanda da həyata
keçiriləcəkmi?
"Donuzdan orqanın köçürülməsi haram deyil, Azərbaycanda
da insanların imtina edəcəklərini düşünmürəm...”
- Azərbaycanda donuzdan orqan transplantasiyası əməliyyatına
isti yanaşılacağını düşünürsünüz?
- Azərbaycanda
da bu məsələyə isti yanaşacaqlar. Heç bir elmi və dini səbəb yoxdur ki,
heyvandan, donuzdan orqan transplantasiyasını qadağan etsin. İslam özü belə
insanın yaşadılması, onun həyatda qalması üçün bütün yolları məqbul sayır.
Düzdür, bununla əlaqədar hansısa fətva verilməyib, lakin düşünürəm ki, İslam
alimləri də sözügedən əməliyyatı dəstəkləyəcəklər. Çünki əməliyyat insanın
yaşamasına xidmət edəcək. Bəzi insanlar bu cür transplantasiyanı sözlə qəbul
etməyə bilər. Lakin ehtiyac yarandığı halda təbii ki, başqa yol qalmayacaq.
"Ağciyər çatışmazlığı olan şəxslərdə böyrək, ürək
çatışmazlığı da olur...”
- Hansısa orqanın köçürülməsi zamanı cins və yaş
faktoru önəm daşıyırmı?
- Çox
illər əvvəl cərrahi əməliyyatlara göstərişlər və əks göstərişlər içərisində xəstənin
yaşı vacib idi. İndi isə bu ikinci dərəcəli məsələdir. Birinci dərəcəli məsələ əməliyyat
olunacaq xəstənin performansıdır. Belə ki, bizim 20-25 yaşında elə bir xəstəmiz
ola bilər ki, onun ciddi ürək, ağciyər çatışmazlığı ola bilər və bu, onun həyatını
itirməsi ilə nəticələnə bilər. Belə olan
halda transplantasiya əməliyyatından başqa yol qalmır. Orqan çatışmazlığından əziyyət
çəkən biri yalnız bir orqanın çatışmazlığından əziyyət çəkmir. Analoji olaraq
böyrək çatışmazlığından aylarla, illərlə əziyyət çəkən şəxsin ürək, böyrək,
qaraciyər çatışmazlığı da olur. Bu, digər orqanlarda da belədir. Böyrək donorlarının
yaş kateqoriyası 18-70 arası, qaraciyər donorlarında isə 18-55 yaş arası əsas
götürülür. Meyit orqanlarında isə bu yaş bir qədər də genişləndirilə bilir. Təbii
ki, burada da ölüm səbəbi nəzərə alınır.
- Ən azyaşlı pasientinizin neçə yaşı olub?
- İndiyədək
ən azyaşlı pasientim 7 aylıq körpə olub. Ona da anasından qaraciyər köçürülüb.
Bu yaxınlarda yenidən belə bir əməliyyat icra edəcəyik. Uşaqlar nə qədər kiçik
olarsa, əməliyyat da bir o qədər mürəkkəb olur. Çünki bu ciddi bilik və bacarıq
tələb edir.
"2021-ci ildə 110 şəxsə orqan köçürülüb...”
- 2021-ci il ərzində ümumilikdə neçə orqan
transplantasiya əməliyyatı icra etmisiniz və bununla bağlı ümumi statistika varmı?
- Keçən il biz 67 böyrək transplantasiyası, 43 qaraciyər
transpalantasiya əməliyyatı həyata keçirmişik. Bunların hamısı canlı, qohum
donorlardan icra olunub. Xəstəlikdən əziyyət çəkənlərin nisbəti qadın və kişi
olmaq üzrə 50 faizə yaxındır.
- Koronavirus infeksiyası daha çox ağciyərə təsir
edir. Virusun yayıldığı müddət ərzində xəstələrinizin sayında artım oldumu?
- Biz
birmənalı olaraq bütün xəstələrimizə vaksin tövsiyəsi edirik, çünki xəstələrimiz
əməliyyatdan sonra immuniteti aşağı salan dərmanlar qəbul edir. Bu, köçürülmüş
orqanın orqanizmdən rədd edilməməsi üçündür. Ona görə də immuniteti aşağı düşən
orqanın əlavə bir virusa yoluxması xəstənin ölümünə qədər aparıb çıxara bilən
faktordur. Orqan köçürülən xəstələrimizdən bir neçəsi koronavirusa yoluxaraq
dünyasını dəyişdi. Bu səbəblə qorunmağın tək yolu vaksinləmədir.
"Donor olmaq üçün xəstənin ya anası, ya da bacısı
müraciət edir...”
- Yaxşı bəs, donorlar arasında qadınlar, yoxsa
kişilər üstünlük təşkil edir?
- Donor
olaraq daha çox qadınlar üstünlük təşkil edir. Bu da Azərbaycan qadınının fədakarlığından,
analıq hissindən irəli gəlir. Şəxsi praktikamızda da belədir ki, xəstəyə donor
olmaq istəyən ilk şəxs ya onun bacıları, ya da anası olur. Bu da qadınların həssas
olduğundan qaynaqlanır.
- Deyirlər ki, daxili orqanlarda problem
olanda bu insanın üzündə də özünü göstərir. Belə ki, gözün altının qaralmasını,
üzdə səpkilərin olmasını qaraciyər, yaxud böyrək problemi ilə əlaqələndirirlər.
Bu nə dərəcədə doğrudur?
-Xeyr, bu hər zaman belə deyil. Çox az halda üzdə belə problemlərin
olması qaraciyər yaxud böyrəklə əlaqədar olur. Əksər hallarda biz belə xəstələri
dəri həkiminə yönləndiririk. Təbii olaraq, qaraciyər və böyrək çatışmazlığı
olanda bu dəridə də təzahür edir, lakin vəziyyət həmişə belə olmur. Dəriyə
baxıb qərar vermək olmaz.
"75-80 faiz insan ölümündən sonra orqanını
bağışlamaq istəyir...”
- Elə hal olub ki, sizə ölümündən sonra
orqanlarını bağışlamaq istəyən insanlar müraciət etsin?
- Biz bu istiqamətdə ictimai
sorğu da aparmışdıq və nəticə belə oldu ki, əhalimizin 75-80 faizi ölümündən
sonra orqanlarını bağışlamaq istəyir. Hətta tanımadığım insanlar belə bununla
bağlı mənə müraciət edir.
Qeyd edək ki, qaraciyər
tranplantasiyasının qiyməti 45-50 min manat, böyrək transplantasiyası əməliyyatının
qiyməti isə 12-16 min manat aralığında dəyişir.
Söhbətləşdi: Əzizə Zeynal