Manatla bağlı PROQNOZ: 2026-cı ilə kimi...

12:35 / 11.01.2022
1489
Azərbaycan iqtisadiyyatında tarazlığın yaradılması üçün yüksək neft qiymətlərinə olan tələb qarşıdakı illərdə zəifləyəcək. 2022-ci illə müqayisədə 2023-2025-ci illərdə daha aşağı neft qiymətləri ilə iqtisadiyyatda tarazlığı təmin etmək mümkün olacaq.
Sfera.az hökumətin proqnozlarına istinadən bildirir ki, əgər 2022-ci ildə neftin ortaillik qiyməti 59 dollardan aşağı düşməsə, Dövlət Neft Fondunun və icmal büdcənin gəlir və xərclərində tarazlıq yaratmaq mümkün olacaq.
Hesablamalar göstərir ki, neftin bir barelinin qiyməti 2023-cü ildə 51 dollar, 2024 və 2025-ci illərdə 48 dollar səviyyəsində olduğu halda Dövlət Neft Fondunun gəlir və xərcləri arasında tarazlığın təmin olunması mümkündür.
Deməli, bizim üçün çətin dövr 2022-ci il olacaq, növbəti bir neçə ildə isə daha aşağı neft qiymətləri məqbul sayılacaq.
Növbəti illərdə aşağı qiymətlərlə tarazlığın təmin edilməsinin mümkün olması neft hasilatının sabit qalması, qaz hasilatının isə artması ilə bağlı olacaq.
Hazırda Azərbaycanın ixrac etdiyi neftin qiyməti 80 dollar ətrafında dəyişir. 2022-ci ildə neft qiymətlərinin bir qədər azalacağı proqnozlaşdırılsa da, qiymət səviyyəsinin 60-70 dollar aralığında qalacağı təxmin olunur.
Qiymətlərin bu səviyyəsi qarşıdakı illər üçün də proqnozlaşdırılır.
Ehtimallar özünü doğruldarsa, qarşıdakı illərdə Azərbaycanın cari əməliyyatlar və ümumən tədiyə balansında müsbət fərq qalacaq. Bu isə ölkəmizdə maliyyə sabitliyinin, xüsusən də dollar/manat məzənnəsinin qorunmasına kömək edəcək.
Vasif
Sfera.az