Dünyada 94 trilyon dollarlıq məhsul istehsal edilib

Dünyada 94 trilyon dollarlıq məhsul istehsal edilib
2021-ci ildə dünya iqtisadiyyatının dəyəri 94 trilyon dollara çatıb.

Sfera.az Beynəlxalq Valyuta Fondunun (BVF) dekabrın son günlərinə aid olan məlumatına əsasən bildirir ki, bu qədər dəyərin yarıdan çoxunu 4 ölkə - ABŞ, Çin, Yaponiya və Almaniya yaradıb.

Daha çox məhsulu ABŞ istehsal edib. ABŞ-da istehsal edilən ümumi daxili məhsulun (ÜDM) dəyəri 170 ölkənin ÜDM istehsalının dəyərindən çox olub.

ABŞ ötən il 22,9 trilyon dollar dəyərinə ÜDM istehsal etməklə qlobal iqtisadiyyatın təxminən 25%-ni formalaşdırıb.

Çin iqtisadiyyatı böyüklüyünə görə ikinci yerdədir. Bu ölkədə 16,86 trilyon dollar dəyərində ÜDM istehsal olunub.

Növbəti yerləri 5,1 trilyon dollarla Yaponiya, 4,2 trilyon dollarla Almaniya, 3,1 trilyon dollarla İngiltərə, 2,9 trilyon dollarla Hindistan və Fransa, 2,1 trilyon dollarla İtaliya, 2 trilyon dollarla Kanada, 1,8 trilyon dollarla Cənubi Koreya tutub.

Dünyanın ən kiçik iqtisadiyyatına sahib olan ölkə isə Tuvaludur. Vulkanik arxipelaqdan ibarət olan ada ölkəsində 70 milyon dollarlıq ÜDM istehsal edilib.
 
Digər ən az məhsul istehsal edən ölkələr arasında Nauru (100 milyon dollar), Palau (200 milyon dollar), Kiribati (200 milyon dollar), Marşal Adaları (200 milyon dollar) da var. 2021-ci ildə dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatları da məlum olub. Bu sıralamada ilk yerdə Liviya gəlir. Liviyada ÜDM istehsalı bir ildə 123 faiz artıb. ÜDM istehsalı Qayanada 20,4 faiz, Makaoda 20,4 faiz, Maldivlərdə 18,9 faiz artıb. BVF-nin proqnozuna görə növbəti otuz il ərzində qlobal iqtisadiyyatın dəyəri iki dəfə artacaq. 2050-ci ilə qədər qlobal ÜDM 180 trilyon dollara yaxın ola bilər.
 
Vasif Cəfərov

OXŞAR XƏBƏRLƏR