Peqovun yalan maşını yenidən işə düşdü – Hadrutda türk əsgərləri var?

12:00 / 29.12.2021
1486
Azərbaycanın axtarışa verdiyi bloger,
"Wargonzo” layihəsinin yaradıcısı Semyon Peqov yenidən ölkəmizə qarşı təxribatçı
əməlləri ilə gündəmə gəlib.
Onun "Wargonzo” teleqram kanalı iddia edib ki,
Prezident İlham Əliyevin Hadrutda açılışını etdiyi Komando Briqadası guya
Türkiyə hərbi bazasıdır, əsgərlər də Türkiyə əsgərləridir. Azərbaycan isə
ümumiyyətlə belə bir hərbi hissə açmaq gücündə deyil.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən hərbi
ekspert Ədalət Verdiyev deyib ki, Semyon Peqov 44 günlük müharibədə olduğu kimi
bu gün də sərsəm və əsassız iddialar səsləndirir:
"Əvvəla onu deyim ki, Peqovun Komando
briqadaları barədə məlumatının olmaması onun məlum açıqlamasında da görünür. Məsələ
ondadır ki, Prezident İlham Əliyevin Hadrutda açılışını etdiyi "Komando” hərbi
hissəsi ilk hərbi hissə deyil. Hazırda ölkəmizdə 3 belə "Komando” hərbi hissəsi
var. Digər tərəfdən komandoların hər biri Türkiyədə hazırlıq kursu keçib, daha
sonra vətənə qayıdır.
O ki qaldı Peqovun "Komando” hərbi hissəsi
guya Türkiyə hərbi bazasıdır fikrinə, deyə bilərəm ki, Azərbaycan öz ərazisində
Türkiyə hərbçilərini yerləşdirmək istəsə, buna nə Peqov, nə də ona yal atan ölkələr
mane ola bilməz. Rəsmi Bakı bu məsələdə müstəqil qərar verir”.
Ə. Verdiyevin sözlərinə görə, Peqovun unutduğu
bir məsələ də Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa bəyannaməsidir: "Şuşa bəyannaməsinə görə, iki qardaş ölkə zərurət
yarandıqda bir-birinə təmannasız yardım edə bilər. Buna görə də Peqovun
iddialarını ciddiyə almaq lazım deyil".