Kərə yağı yenə bahalaşdı – YENİ QİYMƏT

15:15 / 28.12.2021
821
Azərbaycanda son aylarda kərə yağının qiymətində yenidən nəzərəçarpacaq artım baş verib.
Sfera.az bildirir ki, kərə yağının pərakəndə satış qiyməti avqust-sentyabr ayları ilə müqayisədə oktyabr-dekabrda 1 manatdan çox artaraq 18 manat səviyyəsinə çatıb. Əhalinin daha çox seçim etdiyi kərə yağlarının qiyməti isə 2 manat artaraq 18-20 manat səviyyəsinə çatıb.
Kərə yağında bahalaşmanı rəsmi statistik məlumatlar da təsdiqləyir. Orta qiyməti 2021-ci ilin avqustunda 16,5 manat təşkil edən kərə yağının dəyəri oktyabrda 17 manata, noyabrda 17,4 manata yüksəlib. Son bir ildə kərə yağının qiyməti 6,5 faiz artıb.
Mövcud satış qiymətlərinə istinadən deyə bilərik ki, dekabrda kərə yağının orta satış qiyməti bir qədər də yüksək olacaq.
Azərbaycan kərə yağına olan tələbatının böyük hissəsini idxal hesabına təmin edir. İdxal edilən yağların bahalaşması ölkəmizdə yağ qiymətlərinin artmasına səbəb olur.
Qiymətlərin daha çox artmaması üçün hökumət kərə yağının idxalına tətbiq edilən vergi güzəştinin müddətini bir qədər də uzadıb. Amma buna baxmayaraq kərə yağında bahalaşmanın qarşısını almaq mümkün olmur.
İdxal kərə yağının bahalaşması südün qiymətinin yüksəlməsi ilə əlaqədardır. FAO-nun məlumatına əsasən 2020-ci ilin noyabr ayı ilə müqayisədə bu ilin noyabrında dünyada süd məhsullarının qiyməti 19,1 faiz artıb.
Vasif
Sfera.az