Rusiya özünün basdırdığı “minalar”a düşə bilər – Moldova fürsət gözləyir

12:54 / 28.12.2021
1186
Rusiya və
Ukrayna arasındakı gərginlik Moldovada da yaxından izlənilir. Moldova
Prezidenti Maya Sandu ötən gün Rusiya və Ukrayna arasındakı gərginliklə bağlı mətbuata
açıqlama verərkən "vəziyyət çox ciddidir, prosesə təsir gücündə olan siyasi qüvvələr
və təşkilatlar problemi dinc yolla həll etməyə çalışırlar. Ümid edirəm ki, bu
yolu tapmaq olacaq və vəziyyət daha da pisləşməyəcək” deyib.
Xanım
prezident hər nə qədər mövcud vəziyyətdən narahat görünsə də, Rusiyanın Ukrayna
məsələsinə fokuslanması Kişinyov üçün əvəzedilməz fürsətdir. Məsələ ondadır ki,
Ukrayna kimi Moldova da Kremlin "mətbəx məhsulu” olan Dnesteryanı münaqişə ilə mübarizə
aparır. Moldovanın eks-prezidenti, Rusiyaya meyilli olması ilə xatırlanan İqor
Dodonun hakimiyyətdən getməsi və yerinə qərbyönlü Maya Sandunun gəlməsi
Dnesteryanıda gərginliyin artması ilə müşahidə edilib.
Sandu
Kremlin Dnesteryanı üzərindən Kişinyova təziq edəcəyini bildiyi üçün hakimiyyətə
gələr-gəlməz Rusiyadan qoşunlarını bu ərazidən çıxarmasını tələb etdi. Prinsip
etibarilə Sandu bu gün də bu tələbində israrlıdır, lakin Dnesteryanıya hərbi
müdaxilə edərək Kremllə üz-üzə gəlmək istəmir.
Hesab
edirəm ki, Rusiya və Ukrayna gərginliyindən Sandu maksimum dərəcədə istifadə
etməyə çalışır. Bir müddət öncə ABŞ tarixin ən böyük təchizatını Yunanıstandakı
Evros (Dədəağac) bölgəsində həyata keçirdi. Belə ki, rəsmi Vaşinqtona məxsus
min hərbi texnika, 120 yeni hücum helikopteri və 3 min amerikalı hərbçi
Yunanıstanın Evros (Dədəağac) bölgəsinə yerləşdirildi. Bu qüvvənin ehtimal
olunan gərginlik halında Ukraynanın yardıma gedəcəyi hər kəsə bəllidir. Bundan
başqa, Vaşinqton bu hərbi qüvvənin heç də hamısını Yunanıstana yerləşdirməyəcyini,
onların Bolqarıstan, Ruminiya və Moldovaya daşınacağını açıqlamışdı. Yəni rəsmi
Kişinyov həm Kremlin başını Ukraynada qatmaq, həm də rəsmi Kiyevə dəstək vermək
üçün ölkəsini ABŞ üçün açıq elan edir.
Sandunun
əsas hədəfi isə Ukrayna - Rusiya gərginliyinin artması fonunda hərbi əməliyyatla
Dnesteryanı bölgəni separatçılardan təmizləməkdir. Təsadüfi deyil ki, xanım
prezident son açıqlamsında "biz də məlumat toplayır, təhlillər aparır və tərəfdaşlarla
vəziyyəti müzakirə edirik. Əgər müharibə başlasa, bu bizə də təsir edəcək və
regionda hamı üçün çətin vəziyyət yaranacaq” deyib.
Sandu
anlayır ki, belə bir fürsət Moldovanın əlinə bir də düşməyəcək. Buna görə də
Rusiya-Ukrayna gərginliyindən istifadə edərək Dnesteryanıya hərbi müdaxilə etmək
üçün Qərblə və ABŞ-la danışıqlar aparır.