Paşinyan Sankt-Peterburq görüşünün siqnalını verdi - Bu dəfə hansı məsələlər müzakirə ediləcək?

16:16 / 27.12.2021
1346
Cümə günü Ermənistanın baş naziri Nikol Paşinyan onlayn rejimdə keçirilən mətbuat konfransında Azərbaycan prezidenti ilə görüş olacağını bildirib. O, bu görüşün dekabrın 28-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi ölkələri dövlət başçılarının qeyri-formal görüşü çərçivəsində baş tutacağını deyib. "Belə əlaqə mütləq olacaq", - deyə baş nazir əlavə edib.
Maraqlıdır, görüşdə nələr müzakirə oluna bilər?
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Teymur Qasımlı deyib ki, son zamanlar Ermənistanla Azərbaycan arasında müəyyən dialoq təmasları qurulur:
"Soçi görüşündən sonra Brüsseldəki görüş də maraqlı və səmərəli oldu. Ondan sonra sərhəddə bəzi gərginliklər, Paşinyanın müəyyən açıqlamaları olsa da, ardınca müsbət fikirlərin səsləndiyini də vurğulamaq lazımdır. Bilirsiniz ki, bir neçə gün əvvəl Azərbaycan və Ermənistan mədəniyyət xadimləri arasında Peterburqda görüş keçirilib, deyilənə görə, orada da müsbət aura olub. Fikrimcə, Sankt-Peterburqda olacaq Paşinyan-Əliyev görüşü Soçi, Brüssel görüşünün ardıdır, qeyri-formal da olsa, liderlərin görüşü müsbətdir”.
Müsahibimiz bildirib ki, görüş Rusiyanın iştirakı olmadan keçirilsə, daha yaxşıdır:
"Bu görüşdə də düşünürəm ki, Soçi və Brüsseldə gəlinən razılıqların davamı, sərhədin delimitasiyası, əsirlər, o cümlədən nəqliyyat kommunikasiya ilə bağlı məsələlər müzakirə oluna bilər. Eyni zamanda son zamanlar Xankəndi ətrafında baş verən gərginliklər - Fransanın prezidentliyə namizədinin buraya səfəri və digərlərinin də müzakirə mövzusu olması gözləniləndir”.
Günay Rəsulqızı
Sfera.az